Azərbaycanın üç güləşçisi Avropa finalında

27 May 2026 22:52
109
Azərbaycanın üç güləşçisi Avropa finalında

U-17 çimərlik güləşi üzrə Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdiriblər.

İdman.Biz xəbər verir ki, milli komandanın üç üzvü finala yüksəlib. Elcan Həsənov, Rəşad Əliyev və Elvin Hacıquliyev rəqiblərini ardıcıl məğlub edərək həlledici görüşə vəsiqə qazanıblar.

60 kq çəki dərəcəsində Elcan Həsənov qrup mərhələsində əvvəlcə həmyerlimiz Əlirza Heybətlini 2:1 hesabı ilə üstələyib. O, daha sonra serbiyalı Nikola Petroviçə 3:0, yunanıstanlı İoannis Kesidisə isə 4:1 hesabı ilə qalib gəlib. Həsənov növbəti mərhələdə moldovalı Viktor Vdovini 3:0 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. Final yolunda isə ukraynalı Denis Vitko üzərində 3:0 hesablı qələbə qazanıb.

Bu çəkidə mübarizə aparan Əlirza Heybətli də qrupda iki qələbə əldə edib. O, İoannis Kesidisi 4:1, Nikola Petroviçi 3:0 hesabı ilə üstələyib. Lakin 1/4 finalda gürcüstanlı Tariel Saataşviliyə 1:3 hesabı ilə uduzub.

70 kq-da Rəşad Əliyev parlaq çıxışı ilə diqqət çəkib. O, əvvəlcə gürcüstanlı Zuka Tsinamdzqvrişvilini 3:2 hesabı ilə məğlub edib. Daha sonra serbiyalı Andrey Rayaçiçə 5:0, moldovalı Pavel Mavrodiyə 3:1, rumıniyalı İştvan Nagiyə isə 3:1 hesabı ilə qalib gəlib. Əliyev ukraynalı Nazar Mudrini 3:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. Həlledici mərhələyə gedən yolda isə Ukrayna təmsilçisi Mikita Kuzmenkoya 3:1 hesabı ilə qalib gəlib.

80 kq-da Elvin Hacıquliyev də bütün görüşlərini inamla keçirib. O, qrupda moldovalı Laurentsiu Drobotanı 3:0, Maksim Deleunu 3:0, gürcüstanlı Saba Zoidzeni isə 3:0 hesabı ilə məğlub edib. Hacıquliyev daha sonra ukraynalı Vladislav Martsev üzərində 4:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

Eyni çəkidə Ruslan Vəliyev də uğurlu çıxış edib. O, gürcüstanlı Luka Maysuradzeyə 3:0, xorvatiyalı Emanuel Qrgiça 3:0, üçüncü turda isə ukraynalı Dmitro Holovenkoya 4:0 hesabı ilə qalib gəlib.

90 kq-da Tural Eynullayev və Möhlət Qasımov mübarizə aparıblar. Eynullayev gürcüstanlı Saba Papaşviliyə 3:2, ukraynalı Matviy Qrihorenkoya 3:0 hesabı ilə qalib gəlib, lakin ukraynalı Artem Zalvovskiyə 0:3 hesabı ilə məğlub olub.

Möhlət Qasımov isə yunanıstanlı Dimitrios Dermendzisi 4:2, üçüncü turda isə Andreas Kteniadakisi 3:0 hesabı ilə üstələyib. O, ikinci turda moldovalı Evgen Dohoterlə görüşdə 0:4 hesabı ilə uduzub.

Beləliklə, Azərbaycan millisi U-17 Avropa çempionatında üç finalçı ilə medal şansını qoruyur. Elcan Həsənov, Rəşad Əliyev və Elvin Hacıquliyev qızıl medal uğrunda mübarizə aparacaqlar.

İdman.Biz