Qələbə sevinci ilə gündəm olan güləşçimizin şəxsi məşqçisi İDMAN.BİZ-ə AÇIQLAMA VERDİ - VİDEO

25 May 2026 13:54
236
Qələbə sevinci ilə gündəm olan güləşçimizin şəxsi məşqçisi İDMAN.BİZ-ə AÇIQLAMA VERDİ - VİDEO

“Elvini ilk dəfə mənim yanıma atası gətirib. O, güləşçi ailəsində böyüyüb. Atası da güləşçi olub, böyük qardaşı Emin də idmanın güləş növü ilə məşğul olub”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında Bolqarıstanda təşkil edilən güləş üzrə U-15 Avropa çempionatında ölkəmizə 85 kiloqram çəki dərəcəsində qızıl medal qazandıran Elvin Nəcəfzadənin şəxsi məşqçisi Əlisa Abbasov deyib.

Sərbəst güləş üzrə 10 illik təcrübəyə malik mütəxəssis bildirib ki, Elvin artıq səkkiz ildir onun yanında - 1 nömrəli təhsil idman məktəbində məşq edir.

Məşqçi gənc idmançının potensialına toxunaraq onun Ağcabədinin məşhur Afşar kəndindən olduğunu qeyd edib.

“Bu kəndin insanları genetik baxımdan da güclüdür. Vaxtilə Elvinin böyük qardaşı da güləş üzrə Azərbaycan çempionu olub və hazırda dövlət qurumunda çalışır. Güləş sanki onların qanındadır”, - deyə Əlisa Abbasov vurğulayıb.

Qeyd edək ki, Elvin Nəcəfzadə mayın 23-də Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatında qızıl medal qazanıb. Finalda rusiyalı İbragim Maqomedovu 5:4 hesabı ilə məğlub edən gənc güləşçinin qələbəsi və sevinc anları sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.

İdman.Biz