“Ötən il həm Avropa, həm də dünya çempionatında əldə edilən nəticələr kvota qazanmağımıza imkan verdi”.
İdman.Biz bildirir ki, bunu çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani deyib.
Baş məşqçi Report-a müsahibəsində Dünya Seriyasının Vyetnamda keçirilən ilk mərhələsində qazanılan nəticələri də dəyərləndirib:
“Vyetnamın Dananq şəhərində baş tutan ilk mərhələdə 3 çəki dərəcəsində çıxış etdik. 90 kq-da Əşrəf Aşırov qızıl, 80 kq-da Sahib Dadaşov gümüş və 70 kq-da Rübail İbrahimli bürünc medal qazandı. Bundan sonrakı seriyaların hamısında 4 çəkidə iştirak edəcəyik. İslam İlyasov +90 kq-da yer alacaq. Bu yarışda medalsız qalan Vüsal Əliyevin (80 kq) növbəti mərhələlərdə sözünü deyəcəyinə inanıram. Ümumilikdə nəticəmizi yaxşı hesab etmək olar. Ancaq 70 və 80 kq-da qızıl medal qazana bilərdik”.
Nəzəriani çimərlik güləşi baxımından 2026-cı ilə də nəzər salıb.
“Bu il çox gərgin və məsuliyyətli, eyni zamanda xoş ildir. Azərbaycan Güləş Federasiyasının təşəbbüsü ilə bu il çimərlik güləşi üzrə 2 önəmli yarış Bakıda keçiriləcək. Nəzərə alsaq ki, çimərlik güləşi günü-gündən dünyada populyarlaşır, bu dalğanın Azərbaycana yayılması, idman ictimaiyyətinin yarışları daha yaxından izləyib, çimərlik güləşi ilə tanış olması həqiqətən böyük bir şansdır. Düşünürəm ki, bu yarışlar güləşin bu növünə marağı artıracaq. Gələcəkdəki hədəfimiz odur ki, ölkəmizi daha geniş güləşçi heyəti ilə təmsil edək”, - o bildirib.
Baş məşqçi yığmanın Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlığından da söz açıb:
“Artıq iki ildir ki, bu yarışa hazırlaşırıq. Ötən il həm Avropa, həm də dünya çempionatında əldə edilən nəticələr kvota qazanmağımıza imkan verdi. Oğlanlardan ibarət U-17 yığmamız 3 kvota qazandı. Bunlar 70, 80 və 90 kq-dır. Qızlardan ibarət komandamızda isə 55 kq-da kvota qazanmışıq. Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramında yer alacaq yeganə güləş növü məhz çimərlik güləşi olacaq. Bu, ilk dəfə baş verəcək. Olimpiya Oyunları bizim üçün çox əhəmiyyətli yarışdır.
(Heyət seçiminə gəldikdə - red.) Azərbaycan çempionatı yalnız yığmanın tərkibini formalaşdırmaq üçündür. Ancaq seçimə təsiri var. Biz həm ötən il baş tutan Avropa və dünya çempionatının, həm də bu il Bakıda keçiriləcək U-17 dünya çempionatının nəticələrini əsas götürəcəyik. Bunlarla yanaşı, il ərzində keçirilən təlim-məşq toplantılarında güləşçilərin hazırlıq prosesində göstərdiyi performans da dəyərləndiriləcək”.
