“Azərbaycan güləşinin tarixinə düşmək xüsusi qürurdur” – Ülviyyə Musayevanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

30 May 2026 17:38
83
“Azərbaycan güləşinin tarixinə düşmək xüsusi qürurdur” – Ülviyyə Musayevanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Bu yaxınlarda keçirilən U15 Avropa güləş çempionatında Azərbaycan üçün əlamətdar hadisə baş verib. Ülviyyə Musayeva (33 kq) tarixə düşərək bu yaş kateqoriyasında ölkəmizin qadın güləşi üzrə ilk Avropa çempionu olub. Bu uğurun necə əldə olunması isə daha da təsiredicidir: idmançı üç görüş keçirib, onlardan ikisini tuşe(rəqibi kürəyi üstə saxlayaraq vaxtından əvvəl qələbə - red.) ilə qazanıb, finalda isə rəqibinə 11:0 hesabı ilə qalib gəlib.

İdman.Biz Ülviyyə Musayeva ilə onun tarixi zəfəri və Mariya Stadnik ilə işləməsi barədə söhbətləşib.

– Belə təəssürat yarandı ki, Avropa çempionatı sizin üçün çox asan keçdi...

– Bəli, turnir həqiqətən mənim üçün uğurlu və nisbətən rahat keçdi. Ən çox çətinlik yarımfinalda ukraynalı rəqibimlə görüşdə yaşandı. Ən çox yadda qalan qarşılaşma da məhz həmin görüş oldu.

– Qələbə qazandığınız anda hansı hissləri keçirdiniz?

– Böyük sevinc və qürur hissi yaşadım. Bilirdim ki, Azərbaycanın qadın güləşində U15 yaş kateqoriyasında indiyədək Avropa çempionu olmayıb. İlk olmaq və belə nəticə ilə tarixə düşmək xüsusi qürur mənbəyidir. Yarışa yollananda özümə çox inanırdım və çempion olacağıma əmin idim. Şükürlər olsun ki, məqsədimə çatdım.

– Bu xəbəri vermək üçün ailənizdən ilk olaraq kimə zəng etdiniz?

– İlk olaraq anamı yığdım və sevincimi onunla bölüşdüm. Bu uğurda ailəmin rolu çox böyükdür. Valideynlərim və bacılarım hər zaman mənə inanıb. Onların etimadı və mənəvi dəstəyi uğurlarımın əsas səbəblərindən biridir.

– Ümumiyyətlə, güləşə necə gəlmisiniz?

– Atam əvvəllər güləşlə məşğul olub. Evdə tez-tez bu idman növü haqqında danışırdı və bu, məndə maraq oyatdı. Bir gün atama dedim ki, mən də məşqlərə başlamaq istəyirəm. O, buna çox sevindi və qərarımı dəstəklədi. Güləşi sevirəm, çünki bu idman növü mənə güclü, intizamlı və məqsədyönlü olmağı öyrədir.

– Mariya Stadnik U15 millisi ilə işləyir. Onun rəhbərliyi altında məşq etmək necədir?

– Güləşə başladığım ilk gündən Mariya Stadnikə böyük heyranlıq duyurdum və onu özümə nümunə seçmişdim. O, bizimlə mütəmadi ünsiyyətdə olur və çox çalışır. Onun rəhbərliyi altında məşq etmək böyük zövqdür. Mariya bütün fəndləri və texniki elementləri çox dəqiq, sadə və aydın şəkildə izah edir. Onun təcrübəsindən yararlanmaq bizim üçün böyük üstünlükdür və biz ondan çox şey öyrənirik.

– İdman karyeranızda hansı məqsədlərə çatmağı arzulayırsınız?

– Ən böyük məqsədim Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında uğurlar qazanaraq Azərbaycan bayrağını ən yüksək zirvələrdə dalğalandırmaqdır. Bunun üçün daha çox çalışacaq və daim inkişaf edəcəyəm. Fürsətdən istifadə edərək bu uğurda böyük əməyi olan şəxsi məşqçim Elbrus Qəhrəmanova da təşəkkür etmək istəyirəm. Məhz onun zəhməti və dəstəyi mənim bu səviyyəyə çatmağımda xüsusi rol oynayıb.

İdman.Biz