18 yaşlı Günay Qurbanova hazırda Albaniyada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yığmasının ən gənc idmançısıdır. Özünün ilk böyüklər arası qitə birinciliyində gənc qız bürünc medal qazanıb, üçüncü yer uğrunda görüşdə belaruslu Marta Getmanovanı 7:5 hesabı ilə məğlub edib.
Mükafatlandırma mərasimindən sonra İdman.Biz Qurbanova ilə Avropa çempionatındakı çıxışı barədə danışıb.
- Bürünc medal münasibətilə təbrik edirik! Təəssüratlarınızı bölüşərdiniz…
- Mən çox şadam. Əlbəttə ki, finala çıxmağı və qızıl medal qazanmağı gözləyirdim, amma təəssüf ki, bu dəfə alınmadı. Ümid edirəm ki, növbəti dəfə daha yaxşı olacaq.
- Yarımfinalda siz demək olar ki, son saniyələrdə məğlub oldunuz. O zaman nə baş verdi?
- Gücüm var idi, nəfəsim qaydasında idi… Tabloya baxdım və gördüm ki, 15 saniyə qalıb. Düşündüm: “Doğrudanmı qalib gəldim?”. Yəqin ki, bir az arxayınlaşdım. Hər şey çox ani baş verdi. Düzgün güləşməyə başlamadım, “başımı verdim”. Görünür, təcrübə çatmadı. Özümə bəraət qazandıra bilmərəm və qazandırmayacağam, deməli, belə olmalı idi. Daha çox məşq etmək lazımdır. Sonra məşqçilər səhvimin harada olduğunu izah etdilər və mən dərhal başa düşdüm ki, həmin vəziyyətdən çıxmaq üçün bir neçə variant var idi. Amma təəssüf ki, bunu gec dərk etdim.
- Bundan sonra bürünc medal uğrunda görüşə özünüzü necə köklədiniz?
- Çətin idi. Yarımfinaldan sonra bütün günü şokda idim. Şəxsi məşqçim Toğrul Əsgərova, yığmanın böyük məşqçisi Ağahüseyn Mustafayevə, həmçinin bacıma və Ruzanna Məmmədovaya təşəkkür edirəm. Onlar məni ruhlandırmağa çalışdılar. Şükürlər olsun, toparlana bildim və bu gün xalçaya yalnız qələbə əzmi ilə çıxdım. Bu nəticə vacib bir startdır. Ümid edirəm ki, bu, böyüklər arasındakı yarışlarda sonuncu medalım olmayacaq.
- Siz artıq bu gün bürünc medal uğrunda güləşdiyiniz rəqiblə qarşılaşmışdınız?
- Bəli, rəqib mənə tanışdır. Görünür, o da yaxşı hazırlaşmışdı, mənim güləşimi diqqətlə öyrənmişdi. Biz artıq neçənci dəfədir ki, görüşürük. Bu gün mən ona artıq dördüncü dəfə qalib gəldim. Uca Allaha şükürlər olsun.
- Siz fəxri kürsüdə dayanarkən yarımfinalda uduzduğunuz çempion Mariya Vinniklə söhbət etdiyinizi gördüm…
- Bəli, biz onunla tanış olduq, səmimi söhbət etdik, bizi Ukrayna bağlayır. O, çox xoş bir qızdır. Əlbəttə, xalça üzərində rəqibik, amma ondan kənarda dostluq etmək normaldır.
- Bəs ümumiyyətlə ilk böyüklər arası Avropa çempionatınıza necə hazırlaşmışdınız?
- U-23 Avropa çempionatından sonra biz bir az istirahət etdik, sonra isə yaxşı fiziki hazırlıq keçdik. Sonra tədricən yükləmə azalmağa doğru getdi. Yarışa yaxın bərpa üzərində işlədik ki, starta gümrah çıxaq və yaxşı nəticə göstərək.
- Yeri gəlmişkən, U-23 Avropa çempionatındakı qələbə bu startdan əvvəl daha çox inam verdi?
- Keçən il də mən U-23 Avropa çempionu olmuşdum. Ona görə də inam var idi, burada uduza biləcəyim barədə fikir yox idi.
- Bütün ölkə sizin uğurlarınıza heyran qalır. Siz özünüz artıq nəyə nail olduğunuzun miqyasını, xüsusən də gənc yaşınızı nəzərə alaraq, nə dərəcədə hiss edirsiniz?
- Mən hesab etmirəm ki, böyük bir iş görmüşəm. Əgər mənə Olimpiadanı qazanmaq nəsib olarsa, onda cəsarətlə demək olar ki, mən həqiqətən mühüm bir şey etmişəm. Hələlik isə bu, məşqçimin dediyi kimi, gələcək qələbələr üçün yalnız bir tramplindir, inşallah. Toğrul Əsgərova hər zaman yanımda olduğuna, mənə və bütün komandaya daim kömək etdiyinə görə bir daha təşəkkür etmək istəyirəm.
- Düz başa düşdüm, olimpiya çəkisinə keçmək istəyiniz var?
- Buna artıq Toğrul müəllim qərar verəcək. Hansı çəkidə güləşməyi desə, o çəkidə də çıxış edəcəyəm.
