“Sözsüz ki, güləşdə çox titullar və nəticələr əldə etmişəm. Çoxları həmişə mənə deyirdi ki, niyə böyüklərlə işləmirsən? İndi də deyirlər niyə yeniyetmələr?.. Mənim üçün fərqi yoxdur. Hər birimiz güləş və onun inkişafı naminə çalışırıq. Məqsədimiz Azərbaycan güləşini legioner olmadan, sırf yerli idmançılar hesabına yüksəklərə qaldırmaqdır”.
Bunu güləş üzrə U-17 milli komandasının böyük məşqçisi vəzifəsinə təyin olunan Hacı Əliyev deyib.
Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu, ikiqat olimpiya mükafatçısı yeni təyinatı barədə danışıb.
“Bilirsiniz, ilk dəfədir məşqçilik fəaliyyətinə başlayıram. Bu sahə elədir ki, nə qədər uğurlu idmançı, dünya və ya olimpiya çempionu olsan da, tamamilə fərqli məsuliyyət tələb edir. Əsas yığmada kifayət qədər dəyərli mütəxəssislər fəaliyyət göstərirlər. İnanıram ki, Şərif Şərifov, Arif Abdullayev və digər tanınmış məşqçilərlə gələcəkdə birgə işləmək üçün əvvəlcə müəyyən təcrübə toplamaq lazımdır. Buna görə də düşündüm ki, yeniyetmələrdə təcrübə yığım, sonra yavaş-yavaş, böyüklərin yığmasına üz tutaram. Hazırda əsas komandanın məşqçilərinin 2028-ci il Olimpiya Oyunlarınadək müqavilələri qüvvədədir. Biz də aşağı yaş qruplarında uğurlu çıxış edib fəaliyyətimizlə hamını sevindirməyə çalışacağıq. Qismət olsa, gələcəkdə daha yüksək pillələrdə işləyərik”, - deyə o, teleqraf.az-a açıqlamasında söyləyib.
35 yaşlı mütəxəssis qarşıya qoyulan hədəflərdən də söz açıb:
“Məqsədimiz Azərbaycan güləşi üçün yaxşı çempionlar, sağlam gənclər yetişdirməkdir. Yeniyetmə yaş qrupu, bilirsiniz, ən çətin yaş qruplarından biridir. Çünki bu yaşlarda uşaqları düzgün istiqamətləndirmək lazımdır. U-17 həm ən vacib, həm də ən çətin yaş qrupudur. Mən və köməkçilərim çalışacağıq ki, Azərbaycan güləşinə yeni çempionlar qazandıraq. Onların düzgün tərbiyə alması, yaxşı davranış nümayiş etdirməsi və gələcək hədəflərinin formalaşması istiqamətində də iş aparacağıq ki, sağlam gənclər yetişdirək. Qarşıda Bakıda yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Çalışacağıq ki, yarışda uğurlu nəticələr əldə edək”.
Əliyev məşqçilər korpusunda daha əvvəl yer alan Allahverdi Vəliyev və Yaşar Əliyevlə yanaşı, şəxsi məşqçisi Qırxlar Bədəlovun da komandaya cəlb olunmasına münasibət bildirib:
“Qırxlar müəllim 30 ilə yaxındır məşqçiliklə məşğuldur. Buna baxmayaraq, ilk dəfədir milli komandada fəaliyyət göstərəcək. Həm mənim yetişməyimdəki roluna, həm də qazandığı nailiyyətlərə görə onun bu kollektivdə yer almasını istədim. Üç nəfərlik heyət formalaşdırmışıq və hesab edirəm ki, vahid komanda kimi daha uğurlu nəticələr əldə edə bilərik. Hər şeyi sübut edəcəyik".
Qeyd edək ki, Hacı Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarından sonra peşəkar idman karyerasını başa vurub.
