Qurban Qurbanov: “Bu dəfə üzərimdə daha çox məsuliyyət hiss edirdim” - İDMAN.BİZ ALBANİYADAN

23 Aprel 2026 00:53
177
Qurban Qurbanov: “Bu dəfə üzərimdə daha çox məsuliyyət hiss edirdim” - İDMAN.BİZ ALBANİYADAN

“Müəyyən dərəcədə bu Avropa çempionatında daha çox məsuliyyət hiss edirdim, çünki həm ailəm, həm də məşqçilərim ikinci dəfə Avropa çempionu olmağımı istəyirdilər”.

İdman.Biz-in Albaniyaya ezam olunmuş əməkdaşının veriyi məlumata görə, bu barədə Tiranada keçirilən Avropa çempionatında ikinci qızıl medalını qazandıqdan sonra Qurban Qurbanov bildirib.

Onun sözlərinə görə, hər iki qitə birinciliyi medalı onun üçün eyni dərəcədə əzizdir:

“Amma əlbəttə ki, hər medalın öz yolu var. Zədələr səbəbindən bu yol mənim üçün daha ağır oldu. Həsrət Cəfərov bu gün dördqat Avropa çempionu oldu. Əlbəttə, aramızda sağlam rəqabət var, biz də daha böyük uğurlar qazanmaq istəyirik. Həsrəti və bütün komandanı təbrik edirəm”.

Eyni zamanda idmançı konkret hansısa atleti qabaqlamaq məqsədi qoymadığını, özünə kökləndiyini əlavə edib:

“Mənim kimisə çatmaq və ya ötmək barədə fikirlərim yoxdur. Sadəcə işimi görürəm. Qarşımda qoyulan tapşırıqları maksimum yerinə yetirməyə çalışıram. Bu baxımdan biz müəyyən mənada əsgərik”.

O, həmçinin mümkün olimpiya çəki dərəcəsinə keçid barədə düşüncələrini bölüşüb:

“Qarşıma uzunmüddətli məqsədlər qoymuram. Əgər bilsəm ki, məni turnir gözləyir, konkret ona hazırlaşıram. Əlbəttə, bəziləri olimpiya çəkisinə keçmək lazım olduğunu deyirlər, lakin mən belə qərarları təkbaşına vermirəm. Mənim şəxsi məşqçim və yığmanın məşqçilər heyəti var. İnsanların istəyini başa düşürəm və özüm də əlbəttə ki, olimpiya çempionu olmaq istərdim. Amma bu, asan deyil.

Bu çəki dərəcəsində (87 kq-a qədər - müəl.) bizdə Avropa çempionatlarının mükafatçısı İslam Abbasov var. Əgər mən ora keçəcəyimi deməyə başlasam, bu, komanda daxilində o qədər də yaxşı qarşılanmaz. Hər kəsə uğurlar arzulayıram. Əgər nə vaxtsa məndə belə bir imkan yaransa, bizim komandada hamı sağlam rəqabətə açıqdır”.

Qurban Qurbanov 87 kq-a qədər çəki dərəcəsində rəqabətin çox yüksək olduğunu vurğulayıb:

“Bu il Danimarka idmançısı çempion oldu. Şəxsən mən Danimarkadan heç beş güləşçinin adını çəkə bilmərəm, lakin o, Olimpiya Oyunlarının mükafatçısıdır. Beləliklə, bütün bunlar asan deyil, buna xüsusi hazırlaşmaq lazımdır.

Mən bu çəki dərəcəsinə də ciddi hazırlaşmışam, bura təsadüfən gəlməmişəm. Amma bu və ya digər çəkiyə keçmək mənim şəxsi qərarım deyil”.

İdman.Biz