Həsrət Cəfərov: “Qızıl medalı qazananda bütün çətinlikləri unudursan” – İDMAN.BİZ ALBANİYADAN + VİDEO

22 Aprel 2026 23:32
210
Həsrət Cəfərov: “Qızıl medalı qazananda bütün çətinlikləri unudursan” – İDMAN.BİZ ALBANİYADAN + VİDEO

“Bu gün bizim günümüzdür, çox xoşbəxtəm. Ardıcıl dördüncü dəfə Avropa çempionu oluram. Bu, həqiqətən çox çətindir, lakin şükürlər olsun ki, buna nail olduq”.

İdman.Biz-in Albaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri Avropa çempionatının finalından sonra Həsrət Cəfərov deyib. İdmançı qitə birinciliyində dördüncü qələbəsini qazanaraq, Azərbaycanın yunan-Roma güləşi tarixində bu nəticəyə imza atan ilk güləşçi kimi rekorda imza atıb.

Cəfərov bu uğurun arxasında böyük və mürəkkəb yolun dayandığını bildirib:

“Rekord qırdım, olimpiya çəkisində dördüncü dəfə Avropa çempionu oldum. İlk növbədə mənim üçün dua edən və uğurlarıma sevinən hər kəsə təşəkkür edirəm. Bunun arxasında nəhəng əmək dayanır. Bütün bu çətinlikləri aşdıqdan sonra nəticədən zövq alırıq. Qızıl medalı qazandıqdan sonra artıq keçdiyin bütün çətinlikləri unudursan. Allaha şükürlər olsun ki, məni buna layiq gördü. Bu qızıl medalımı, bu tarixi uğurumu qızıma həsr edirəm”.

Qeyd edək ki, 67 kq çəki dərəcəsinin final görüşündə Türkiyə təmsilçisi Murat Fıratı 7:5 hesabı ilə məğlub edən Cəfərov Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə dördqat Avropa çempionu olub.

İdman.Biz