“Mən dördüncü dəfədir Avropa çempionatında çıxış edirəm və dördüncü dəfədir medal qazanıram. Əliboş qayıtmadığım üçün xoşbəxtəm, hərçənd, əlbəttə ki, yenidən bura “qızıl” üçün gəlmək istəyirdim. Hər zaman hər şey istədiyin kimi alınmır”.
İdman.Biz Albaniyadan xəbər verir ki, bu sözləri Avropa çempionatının bürünc mükafatçısı Nihat Məmmədli final görüşündən sonra deyib.
O qeyd edib ki, Azərbaycan yığması bu yarışlara ciddi hazırlaşıb:
“Biz təlim-məşq toplanışları keçirdik, komanda ilə birlikdə çox əzmlə hazırlaşdıq. Amma görünür, qismət deyilmiş. Gələcəkdə çalışmağa davam edəcəyəm və medallar qazanmaq üçün əlimdən gələni edəcəyəm”.
Məmmədli Avropa çempionatındakı nəticəsinə görə məsuliyyəti heç kimin üzərinə atmadığını da əlavə edib:
“Mən özümü heç kimlə müqayisə etmirəm. Keçən il mən bu dəfə çempion olan idmançıya qalib gəlmişdim. Bu idmandır, burada hər şey ola bilər. Günahı yalnız özümdə görürəm. Əgər səhv varsa, o məndədir. Görüşə düzgün yanaşmadım, yanlış qərarlar qəbul etdim, bəlkə də texniki cəhətdən özümü düzgün yönləndirmədim”.
