Rıza Kayaalp: “Əvvəllər Avropada 1-2 medal ala bilərəmmi deyə düşünürdüm”– İDMAN.BİZ ALBANİYADAN + VİDEO

22 Aprel 2026 00:25
132
Rıza Kayaalp: “Əvvəllər Avropada 1-2 medal ala bilərəmmi deyə düşünürdüm”– İDMAN.BİZ ALBANİYADAN + VİDEO

Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp Albaniyanın paytaxtı Tiranada qazandığı 13-cü Avropa çempionluğundan sonra təəssüratlarını bölüşüb. 130 kq çəki dərəcəsində Aleksandr Karelinin rekordunu qıran idmançı bu nailiyyətin olduqca çətin bir prosesin nəticəsi olduğunu bildirib.

İdman.Biz-in Albaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, rekordçu pəhləvan 2010-cu ildən bu yana göstərdiyi sabitliyin sirrini işinə olan hörməti ilə əlaqələndirib.

O, 15 il ərzində qatıldığı bütün Avropa çempionatlarında finala yüksəldiyini xatırladıb:

“Qırılması çox çətin bir çempionluğa imza atmışam. Olimpiya çempionluğuna bərabər bir çempionluqdur mənim üçün. Avropada bu qələbəni əldə etmək çox çətin idi. Əvvəllər Avropada 1-2 medal ala bilərəmmi deyə düşünürdüm. Bir uşaq doğulub 15 yaşına çatana qədər mən hər il final güləşmişəm. Bu, böyük sabitlik və zəhmət tələb edir. Əgər bu işi görürəmsə, ən yaxşısını etməliyəm deyə düşündüm. Hər zaman işimi sevərək gördüm və gənclərə örnək olmağa çalışdım”.

Yarışın gedişatına toxunan Kayaalp finala qədərki yolun asan olmadığını, yarımfinalda rəqib tərəfindən hörmətsizliklə üzləşdiyini qeyd edib. Bununla belə, final görüşünün daha rahat keçdiyini deyən güləşçi, xal verməyi sevməyən bir idmançı kimi 7:0 hesablı üstünlüyü qorumağı bacardığını vurğulayıb.

Rıza Kayaalp bu tarixi qələbəsini ailəsinə və bütün türk xalqına həsr etdiyini bildirib:

“Bu sevincli və kədərli günlərimdə hər zaman yanımda olan həyat yoldaşıma, qızlarıma, valideynlərimə və bizi sevən hər kəsə bu uğuru ərmağan edirəm. Bu, həqiqətən də çox böyük bir uğurdur”.

İdman.Biz