Mövsümün əvvəlində “Liverpul”dan ayrılan Roberto Firmino maraqlı açıqlamalar ilə diqqət mərkəzinə düşüb.
İdman.biz xəbər verir ki, futbolçu “Liverpul illərim” kitabında Məhəmməd Salah və Sadio Manenin heç də yaxşı olmayan münasibətlərindən yazıb.
Roberto Firmino qeyd edib ki, o, bu 2 ulduz futbolçu arasında yanğınsöndürən rolunu oynayıb: “Onları çox yaxşı tanıyırdım. Meydanda hər zaman onların ortasında idim. Baxışları, mimikaları, bədən dilləri, biri digərinə əsəbləşəndə hərəkətlərini ilk görən mən idim. Bunu hiss edirdim. Birçoxları Sadio ilə Mo arasında problemlərin 2019-cu il avqust ayında “Börnli” ilə oyundan sonra başladığını düşünürdü. Amma bunun daha öncə, 2018-19 mövsümdən başladığını bilirdim. Xarakterim və vəzifəm onları sakitləşdirməyimə məcbur edirdi. Atəşə benzin yox, su tökmək lazım idi”.
Roberto Firmino sabiq komanda yoldaşlarının hər zaman peşəkar davrandığını düşünür. Braziliyalının sözlərinə görə, onlar heç vaxt yaxşı dost olmayıblar: “Hər ikisi içinə qapanıq idi. İkisinin danışmasını nadir hallarda görürdüm. Bunun Afrika kubokunda Seneqal - Misir matçlarına görə belə olduğuna əmin deyiləm. Buna baxmayaraq, heç bir vaxt münaqişə yaşamadılar, münasibətlərini korlamadılar, hər zaman son dərəcədə peşəkar hərəkət etdilər. Heç vaxt tərəf tutmadım. Bu səbəbdən məni sevirdilər. Topu ikisinə də ötürürdüm. Mənim üçün əsas komandanın uğuru idi. Əgər belə olmasaydım meydanda ikisi arasında fırtınalar qopardı”.
Sambaçı baş məşqçi Yurgen Kloppdan da danışıb. O, hesab edir ki, Salah və Manedənsə onun əvəzlənməsi daha rahat olub. Bu səbəbdən də braziliyalı tez-tez meydandan çıxarılırdı: “Üçümüzün də çox fərqli xasiyyəti var idi və Klopp məni əvəzləyəndə yerə butulka atmayacağımı bilirdi. Mən ona sözümü kənarda deyirdim. Digər futbolçular da hər kəs bunu bilirdi. Bu əvəzetmələr “Liverpul”un ən piss sirri idi. Heç kim nə düşündüyümü, nə hisslər keçirdiyimi soruşmurdu. Mənim üçün əvvəl komanda gəlirdi. Yurgen Klopp bunu yaxşı bilirdi”.
Qeyd edək ki, Roberto Firmino 8 il “Liverpul”un şərəfini qoruyub. Braziliyalı hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda oynayır.
İdman.biz