Belçika Türkiyəyə böyük hesabla qalib gəldi, Fransa və İtaliya heç-heçə etdi - YENİLƏNİB + VİDEO

3 Oktyabr 2026 00:46
1 060
Belçika Türkiyəyə böyük hesabla qalib gəldi, Fransa və İtaliya heç-heçə etdi

UEFA Millətlər Liqasında üçüncü turun növbəti oyunları keçirilib. Günün qarşılaşmalarında Belçika Türkiyəni, Şimali İrlandiya Ukraynanı, Polşa Rumıniyanı, Macarıstan isə Gürcüstanı məğlub edib. Fransa - İtaliya, Farer adaları - Slovakiya və Bosniya və Herseqovina - İsveç matçlarında isə qalib müəyyənləşməyib.

İdman.Biz xəbər verir ki, A Liqasının birinci qrupunda Belçika Türkiyəni 3:0 hesabı ilə məğlub edib. Liyejdə keçirilən görüşdə Kevin De Bruyne 10-cu və 60-cı dəqiqələrdə fərqlənərək dubl edib. Romelu Lukaku isə 76-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Eyni qrupda Fransa və İtaliya 1:1 hesablı heç-heçə edib. Maykl Olise 55-ci dəqiqədə meydan sahiblərini önə keçirib. Alessandro Bastoni 68-ci dəqiqədə hesabı bərabərləşdirib. Fransa 85-ci dəqiqədə Deotşankul Upamekanonun qırmızı vərəqə almasından sonra oyunu azlıqda başa vurub.

Bu, Zinəddin Zidanın baş məşqçi təyin olunmasından sonra Fransa millisinin buraxdığı ilk qol olub.

Fransa yeddi xalla qrupda birinci, Belçika altı xalla ikinci pillədə qərarlaşıb. İtaliya dörd xalla üçüncüdür, Türkiyə isə xalsızdır.

B Liqasının ikinci qrupunda Şimali İrlandiya Ukraynanı 3:0 hesabı ilə üstələyib. Kiron Braun 9-cu və 61-ci dəqiqələrdə, Ayzek Prays isə 22-ci dəqiqədə qol vurub.

Həmin qrupun digər matçında Macarıstan Gürcüstanı 1:0 hesabı ilə məğlub edib. Görüşün yeganə qolunu 35-ci dəqiqədə Miloş Kerkez vurub. Gürcüstanın lideri Xviça Kvaratsxeliya matçın sonuna qədər meydanda olub, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb.

İlk dəfə Macarıstan millisinə dəvət alan “Qarabağ”ın futbolçusu Bense Varkonyinin debütu bu matçda da baş tutmayıb.

Üç turdan sonra Şimali İrlandiya yeddi xalla qrup lideridir. Ukrayna və Macarıstan 4 xalla ikinci və üçüncü yerləri bölüşürlər, Gürcüstan isə 1 xalla sonuncu yerdədir.

B Liqasının dördüncü qrupunda Polşa Rumıniyanı 6:0 hesabı ilə məğlub edib. Rumıniya 22-ci dəqiqədə Radu Draquşinin qırmızı vərəqə almasından sonra azlıqda qalıb. Robert Levandovski 24-cü dəqiqədə penaltidən hesabı açıb, ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirən hücumçu 86-cı dəqiqədə fərqlənməklə yekun hesabı müəyyənləşdirib. Polşanın digər üç qoldan biri Vircil Gitsin avtoqolu ilə reallaşıb. Digər ikisini isə Pyotr Zelinski və Yan Bednarek vurub.

İki illik fasilədən sonra yığmaya qayıdan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç bu matçda meydana çıxmayıb. O, əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Digər qarşılaşmada Slovakiya Farer adaları ilə səfərdə 1:1 hesablı heç-heçə edib. Slovakiya ilk hissədə hesabı açsa da, Adrian Yustiniussen 66-cı dəqiqədə Farer adalarına bərabərlik qazandırıb.

Bosniya və Herseqovina ilə İsveç arasında keçirilən görüş də 1:1 hesabı ilə başa çatıb.

22:05

UEFA Millətlər Liqasının C Liqasında üçüncü turunda Kipr və Ermənistan yığmaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, Nikosiyadakı “Neo QSP” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Kipr yığması 19-cu dəqiqədə Leonidas Konomisin qolu ilə hesabı açıb. 31-ci dəqiqədə Andronikos Kakulis meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

Kipr 52-ci dəqiqədə azlıqda qalıb. Müdafiəçi Kostas Pileas birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, Ermənistan yığması bundan yararlana bilməyib və qarşılaşma 2:0 hesabı ilə başa çatıb.

Paralel keçən qarşılaşmada Monteneqro səfərdə Latviyaya 2:1 hesabı ilə qalib gəlib. Vasilie Adjiç artıq 4-cü dəqiqədə qonaqları önə keçirib, 56-cı dəqiqədə isə dubl edib. Latviya yığması 82-ci dəqiqədə Markus Strodsun qolu ilə fərqi azaltsa da, görüşün taleyini dəyişə bilməyib.

Monteneqro yığmasına dəvət alan “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Yankoviç 61-ci dəqiqədə Viktor Djukanoviçlə əvəzlənib.

Bu nəticədən sonra Ermənistan üç oyundan üç xal toplayaraq C2 qrupunda üçüncü pillədə qərarlaşıb. Kipr isə dörd xalla ikinci yerdədir. Qrupa 100 faizlik nəticə göstərən Monteneqro yığması liderlik edir.

19:58

UEFA Millətlər Liqasının C Liqasının üçüncü turunda Qazaxıstan və Moldova yığmaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, “Astana Arena”da oynanılan qarşılaşmada Moldova 2:1 hesabı ilə qalib gəlib.

Moldova ilk hissənin əlavə olunmuş dəqiqələrində Niki Kleşçenkonun qolu ilə hesabı açıb. Petru Popesku 50-ci dəqiqədə fərqi iki topa çatdırıb.

64-cü dəqiqədə Nuralı Alip Qazaxıstan millisinin hesabdakı fərqi azaltmasına imkan verib. Lakin meydan sahibləri qalan dəqiqələrdə hesabı bərabərləşdirə bilməyiblər.

Qrup mərhələsinin növbəti turunda Qazaxıstan oktyabrın 6-da Farer adaları, Moldova isə həmin gün Slovakiya ilə qarşılaşacaq.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliya ötən turnirin finalında İspaniyanı penaltilər seriyasında məğlub edib – 2:2, 5:3.

09:41

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun növbəti oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 10 matç baş tutacaq.

A Liqasının birinci qrupunda Türkiyə Belçikanın, İtaliya isə Fransanın qonağı olacaq. Vinçenso Montellanın komandası ilk iki turda xal qazana bilməyib. Türkiyə millisi əvvəlcə Fransaya 0:1, daha sonra isə İtaliyaya 1:4 hesabı ilə məğlub olub.

Belçika isə turnirə İtaliya üzərində 2:0 hesablı qələbə ilə başlayıb. Lakin belçikalılar ikinci turda öz meydanında Fransaya 0:1 hesabı ilə uduzub.

Günün digər əsas qarşılaşmasında Fransa millisi Sen-Denidə İtaliyanı qəbul edəcək. İlk iki oyunda qələbə qazanan Fransa altı xalla A Liqasının birinci qrupuna başçılıq edir. İtaliya isə Belçikaya məğlub olduqdan sonra Türkiyəni 4:1 hesabı ilə məğlub edib və üç xalla ikinci pillədə qərarlaşıb.

B Liqasının ikinci qrupunda da liderlik uğrunda mübarizə diqqət çəkir. Dörd xala malik Ukrayna və Şimali İrlandiya bir-biri ilə qarşılaşacaq. Qrupun digər oyununda isə bir xal toplayan Macarıstan və Gürcüstan Budapeştdə üz-üzə gələcək.

B Liqasının dördüncü qrupunda isə altı xalla lider olan İsveç səfərdə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Digər oyunda Polşa Rumıniyanı qəbul edəcək.

2 oktyabr
18:00
Qazaxıstan – Moldova

20:00
Kipr – Ermənistan
Latviya – Monteneqro

22:45
Belçika – Türkiyə
Fransa – İtaliya
Macarıstan – Gürcüstan
Ukrayna – Şimali İrlandiya
Bosniya və Herseqovina – İsveç
Polşa – Rumıniya
Farer adaları – Slovakiya.

İdman.Biz