Kivu: “Çempionat oyunu rutinə çevrilə bilər, ÇL isə stimul verir”

5 Oktyabr 2026 02:13
92
Kivu: “Çempionat oyunu rutinə çevrilə bilər, ÇL isə stimul verir”

İtaliyanın “İnter” futbol komandasının baş məşqçisi Kristian Kivu əsas hədəfinin UEFA Çempionlar Liqasını qazanmaq olduğunu açıqlayıb.

İdman.Biz “Orangesport”a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis Avropanın ən nüfuzlu klub turnirinin çempionat oyunlarından tam fərqli emosional və motivasiya yükü daşıdığını bildirib.

Kivunun sözlərinə görə, Çempionlar Liqasında oynamaq futbolçulara əlavə stimul verir:

“Çempionlar Liqasını qazanmaq möhtəşəmdir. Bu, hər kəsin arzusudur. Çempionat oyunu ilə Çempionlar Liqası matçı arasında böyük fərq var. İstər qrup mərhələsi, istərsə də 1/8 final olsun, fərq həm futbolçunun fərdi motivasiyasında, həm də bütün komandanın yanaşmasında hiss olunur”.

O əlavə edib ki, milli komandada çıxış zamanı da oxşar hisslər yaşanır. Kivunun fikrincə, 38 turluq çempionat marafonunda oyunlar müəyyən mərhələdən sonra rutinə çevrilə bilər, Çempionlar Liqası və milli komanda görüşləri isə futbolçulara daim əlavə emosional enerji verir.

Qeyd edək ki, Kivu Çempionlar Liqasını futbolçu kimi də qazanıb. O, 2010-cu ildə “İnter”in heyətində finalda “Bavariya” üzərində 2:0 hesablı qələbə ilə kuboka sahib çıxıb.

İdman.Biz