Qətərin "Əl Ərəbi" futbol klubu PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin transferini rəsmən açıqlayıb. Klubun mətbuat xidməti öz “Twitter” səhifəsində bu transferə həsr olunmuş videoçarx dərc edib.
Daha əvvəl jurnalist Nikolo Skira Qətər klubunun yarımmüdafiəçinin transferi üçün Fransa klubuna 50 milyon avro ödəyəcəyini bildirib. Jurnalistin sözlərinə görə, italyan futbolçuya 2026-cı ilin yayına qədər illik 30 milyon avro maaşla müqavilə təklif olunub.
Verratti yeni klubunda oynayacağı nömrə ilə bağlı qərar verib. 30 yaşlı yarımmüdafiəçi Qətərin "Əl-Ərəbi" klubunda 7 nömrə altında çıxış edəcək.
Maraqlıdır ki, Verratti karyerasının son illərində 6 nömrə altında çıxış edib (PSJ və İtaliya millisində). Əvvəllər millidə yarımmüdafiəçi 8, 10 və 23 nömrəli köynək geyinib.
Xatırladaq ki, 30 yaşlı futbolçu 2012-ci ildən PSJ-də çıxış edir. Ötən mövsüm Verratti PSJ-nin heyətində bütün turnirlərdə 38 oyun keçirib və bir məhsuldar ötürmə edib. Transfermarkt internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.
İdman.biz