“Roma”nın baş məşqçisi Can Pyero Qasperini komandasının mövsümün bərpasından sonra da yaxşı nəticələri davam etdirmək istədiyini bildirib.
İdman.Biz “Sky Sport Italia”ya istinadən xəbər verir ki, baş məşqçi qarşıdaakı oyunlardan, həmçinin “Real Madrid”in baş məşqçisi Joze Mourinyonun Romaya qayıdışından danışıb.
“Bu gün istirahətin son günüdür. Sabahdan böyük nəticələr və yaxşı oyunlar göstərdiyimiz dövrdə dayandırdığımız liqa ab-havasına qayıdacağıq. Harada qalmışdıqsa, oradan davam etmək istəyirik”, – deyə Qasperini bildirib.
O, Mourinyonun “Roma”dakı fəaliyyətini də yüksək qiymətləndirib:
“Joze haqlı olaraq xüsusi biridir və meydanda və meydandan kənarda uğur qazanmağı bacarır. O, “Roma” ilə Konfrans Liqasını qazandı və Avropa Liqasının finalına çıxdı. Liqada bir qədər az uğur qazanmış ola bilər, amma azarkeşlərin əksəriyyəti hələ də onu qiymətləndirir. Bu da onun xüsusi bir şeyə sahib olduğunu göstərir”.
Qasperini “Roma”nın qarşıdakı rəqibi “Komo”nu da yüksək qiymətləndirib və baş məşqçi Sesk Fabreqasın komandasının hücumdakı hərəkətlərini izah etmək üçün “subbuteo”dan (stolüstü futbol oyunudur. Futbol meydançasının maketi üzərində kiçik futbolçu fiqurları ilə oynanılır) istifadə etməsinə toxunub:
“Fabreqasın hücum zamanı dərinliyə necə oynamaq lazım olduğunu izah etmək üçün “subbuteo”dan istifadə etdiyini gördüm. Mən isə onlara necə mane olacağımı anlamaq üçün bundan istifadə etməliyəm”.
“Roma”nın baş məşqçisi komandanın zədəli futbolçularının durumundan da danışıb. Brayan Kristante dizindəki yan bağ problemi səbəbindən İtaliya millisinin düşərgəsindən ayrılıb. Qasperini onun “Komo” və “Real Madrid”lə oyunlarda iştirak edib-etməyəcəyinin hələ dəqiq olmadığını bildirib.
O, Paulo Dibalanın durumunun isə yaxşı olduğunu vurğulayıb:
“Dibala iyulun əvvəlindən bəri ən yaxşı şəkildə məşq edir. Onun üçün çox şadam. O, meydanda yaxşı oynayanda özünü ən yaxşı hiss edən möhtəşəm insandır. O, ayağında topla doğulub”.
Qasperini həmçinin Dibala və Naul Molinaçının Lionel Messinin Argentina millisindəki vida matçında iştirak etmək üçün ölkələrinə getməməsi qərarını müdafiə edib. O, qarşıdakı vacib oyuna az vaxt qalmasını və Argentinaya səfərin uzunmüddətli uçuş tələb etməsini səbəb kimi göstərib.
