Toral Bayramovun ehtiyatda qaldığı oyunda “Bursaspor” qələbə qazanıb

22 Noyabr 2026 22:09
43
Toral Bayramovun ehtiyatda qaldığı oyunda “Bursaspor” qələbə qazanıb

Türkiyənin “Bursaspor” futbol komandasında çıxış edən Toral Bayramov Birinci Liqanın 15-ci turunda oyun şansı qazanmayıb.

İdman.Biz xəbər verir ki, Bursa təmsilçisi doğma meydanda “Sivasspor”u 2:0 hesabı ilə məğlub edib. Meydan sahiblərinin hər iki qolu ilk hissədə vurulub. Keleçi İheanaço 19-cu dəqiqədə hesabı açıb, Soner Aydoğdu isə 22-ci dəqiqədə fərqi artırıb.

Azərbaycan millisinin üzvü qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Baş məşqçi Mustafa Er “Antalyaspor”la əvvəlki turun görüşündə meydana buraxdığı start heyətində üç dəyişiklik edib. Toral Bayramovun mövqeyində Barış Gökə üstünlük verilib. Zədəli Yurgen Elitimin yerini cəzası başa çatan Linkoln Enrike tutub, Rahmetullah Berişbekin əvəzinə isə Zeki Yavru oynayıb.

Qələbə ilə “Bursaspor” xal ehtiyatını 35-ə çatdıraraq yenidən liderliyə yüksəlib.

Xatırladaq ki, “Bursaspor” milli fasilədən əvvəl “Antalyaspor”la səfər görüşünü 1:1 hesablı heç-heçə ilə başa vurub.

İdman.Biz