21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, Eyyubov komandanın hazırlığından və futbolçuların yanaşmasından razı olduğunu bildirib.
“Bizi bu tsiklin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik. Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam. Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə baş məşqçi bildirib.
Qeyd edək ki, Azərbaycan U-21 - Cəbəllütariq U-21 oyunu oktyabrın 6-da “Əlincə Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də başlayacaq və “İdman TV”də canlı yayımlanacaq.
