İngiltərə nəşrindən “Sabah”ın “Barselona” ilə oyununa hesab proqnozu

23 Noyabr 2026 22:34
41
İngiltərə nəşrindən “Sabah”ın “Barselona” ilə oyununa hesab proqnozu

İngiltərənin “Sports Mole” nəşri Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması ilə bağlı proqnozunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, məqalənin müəllifi Mett Lou Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsini gözləyir. Bununla belə, o, Azərbaycan çempionunun rəqib qapısına yol tapacağını düşünür.

Müəllif komandaların tarixlərində ilk dəfə qarşılaşacaqlarını vurğulayıb. Yazıda “Sabah”ın La Liqa çempionunu məğlub etməsinin Çempionlar Liqası tarixinin ən böyük sürprizlərindən biri ola biləcəyi qeyd olunub.

Nəşr “Barselona”nın müdafiəsindəki problemlərə də diqqət çəkib. Kataloniya klubu turnirin qrup və Liqa mərhələlərində son 12 səfər görüşünün hamısında qol buraxıb. Digər tərəfdən, komanda bu mərhələlərdə keçirdiyi son 19 oyunun 17-də azı iki dəfə fərqlənib.

“Sabah”ın hücumçusu Coy Lens Mikelsin məhsuldarlığı da xüsusi vurğulanıb. Almaniyalı futbolçunun cari mövsümdə 22 qarşılaşmada 12 qol vurduğu xatırladılıb.

Mett Lou Lamin Yamalın yoxluğunu “Barselona” üçün ciddi itki saysa da, Hansi Flikin komandasının Bakıda üç xal qazanmaq üçün kifayət qədər güclü heyətə malik olduğunu düşünür.

Qeyd edək ki, “Sabah” - “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.

İdman.Biz