İspaniya La Liqası genişmiqyaslı kiberhücumla üzləşib. Hücum nəticəsində azarkeşlərin və bəzi klubların rəqəmsal xidmətlərində qeydiyyatdan keçmiş istifadəçilərin şəxsi məlumatları oğurlanıb.
İdman.Biz La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, hadisə noyabrın 14-dən 16-dək baş verib. Kibercinayətkar azarkeşlərə xidmət göstərən texnoloji platformalardan birinə qanunsuz daxil olaraq istifadəçilərin şəxsi məlumatlarını ələ keçirib.
La Liqanın təhlükəsizlik mütəxəssisləri icazəsiz girişin mənbəyini müəyyənləşdiriblər. Noyabrın 16-da hücumun qarşısını almaq, məlumatların çıxarılmasını dayandırmaq və kibercinayətkarın sistemə girişini bloklamaq üçün zəruri tədbirlər görülüb.
Təşkilatın açıqlamasına görə, hadisə yalnız sözügedən platformanı əhatə edib. La Liqanın digər sistemlərinə müdaxilə qeydə alınmayıb və çempionatın keçirilməsinə heç bir təsir göstərilməyib.
Hazırda mütəxəssislər kiberhücumun miqyasını və hansı məlumatların ələ keçirildiyini müəyyənləşdirməyə çalışırlar. Eyni zamanda yeni hücum cəhdlərinin aşkarlanması üçün rəqəmsal xidmətlər üzərində nəzarət gücləndirilib.
Hadisə barədə İspaniyanın Məlumatların Mühafizəsi Agentliyinə (AEPD) məlumat verilib. Ölkənin Milli Polisinin Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Bölməsinə də rəsmi şikayət təqdim olunub və araşdırmaya başlanılıb.
Məlumatları risk altında olan klublar da hadisə barədə xəbərdar ediliblər. La Liqa həmin klublarla birgə təhlükəsizlik tədbirlərini əlaqələndirir.
Qeyd edək ki, təşkilat hələlik kiberhücumdan neçə nəfərin zərər çəkdiyini və hansı klubların məlumatlarının oğurlandığını açıqlamayıb.
