Fransanın PSJ klubu iki əsas hücumçusunun ağır zədələnməsindən sonra qış transfer pəncərəsi ilə bağlı strategiyasını yenidən nəzərdən keçirə bilər.
İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, Xviça Kvaratsxeliyanın ardınca Dezire Duenin də dizinin ön çarpaz bağını qoparması Paris təmsilçisinin rəhbərliyini hücum xəttinə yeni futbolçu cəlb etmək variantını qiymətləndirməyə vadar edib.
Bir ay ərzində iki aparıcı cinah oyunçusunu itirən PSJ-nin hücum üçlüyündən yalnız Usman Dembele sırada qalıb. Fransalı futbolçu da bu yaxınlarda zədəsini sağaldaraq meydana qayıdıb.
Məlumata görə, Paris klubunun diqqət mərkəzində “Bayer”in yarımmüdafiəçisi İbrahim Maza, “Köln”ün cinah oyunçusu Said El-Mala, “Monako”nun hücumçusu Paris Brunner və “Betis”in futbolçusu Abde Ezzalzuli var. Bununla belə, Brunnerin qış transferi üçün prioritet namizədlərdən olmadığı barədə də məlumat yayılıb.
Baş məşqçi Luis Enrike isə zədələrə görə tələsik transferlər həyata keçirmək niyyətində olmadığını vurğulayıb.
“Biz transfer bazarındakı bütün imkanlara həmişə açığıq. Ancaq hansısa futbolçunun zədələnməsi səbəbindən transfer etməyəcəyik. Biz əsl komandayıq”, - deyə ispaniyalı mütəxəssis söyləyib.
PSJ-nin hazırkı heyətində Maqnes Akliuş, Mika Qodts və Ferran Torres kimi hücumameyilli futbolçular var. Bundan başqa, klub akademiyasının yetirmələri Senni Mayulu və Kenten Ncantunun imkanlarından da yararlana bilər.
Qeyd edək ki, Kvaratsxeliya oktyabrda “Barselona” ilə oyunda, Due isə noyabrın 21-də “Nitsa”ya qarşı qarşılaşmada ağır diz zədəsi alıb. Hər iki futbolçunun mövsümün qalan hissəsini buraxacağı gözlənilir.
