“Barselona”nın Bakıdakı azarkeş klubu 474 xarici qonağı qarşılayacaq

23 Noyabr 2026 19:16
33
“Barselona”nın Bakıdakı azarkeş klubu 474 xarici qonağı qarşılayacaq

“Barselona”nın Azərbaycandakı rəsmi azarkeş birliyi UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçiriləcək oyun üçün Bakıya gələn 474 klub üzvü və azarkeş birliyi nümayəndəsini qarşılayacaq.

İdman.Biz Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 400-dən çox qeydiyyatdan keçmiş üzvü olan Bakı Azarkeş Klubu (“Peña Barcelonista Bakú”) İspaniya təmsilçisinin ölkəmizdəki yeganə rəsmi azarkeş birliyidir.

Noyabrın 25-də keçiriləcək qarşılaşmada “Barselona”nı dəstəkləmək üçün Bakıya gələn 474 nəfərdən 268-i klub üzvü, 206-sı isə azarkeş birliklərinin nümayəndəsidir.

Bakıya səfər edəcək azarkeşlər dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 41 birliyi təmsil edəcəklər.

Bağdad və Təl-Əvivdəki “Barselona” azarkeş birliklərindən ümumilikdə 18 nəfər Azərbaycana gələcək. Paris və Poznandakı birliklərdən isə təxminən 10 nəfər komandalarını dəstəkləmək üçün Bakıya yollanacaq.

Qeyd edək ki, “Barselona”nın Bakı Azarkeş Klubu 2010-cu ildə yaradılıb və 2017-ci ildə rəsmi status qazanıb.

“Barselona” tarixində ilk dəfə əsas komandası ilə Azərbaycanda rəsmi matça çıxacaq. Hansi Flikin rəhbərlik etdiyi kollektiv noyabrın 25-də Bakı Olimpiya Stadionunda “Sabah”ın qonağı olacaq.

İdman.Biz