Mourinyo Vinisiusdan danışdı: “O, yenidən ən yüksək səviyyəsinə qayıdacaq”

23 Noyabr 2026 18:32
34
Mourinyo Vinisiusdan danışdı: “O, yenidən ən yüksək səviyyəsinə qayıdacaq”

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Vinisius Juniorun yenidən ən yaxşı formasına qayıdacağına əmin olduğunu bildirib.

İdman.Biz SPORT.es-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçunun hələ gənc olduğunu və karyerasının ən yüksək səviyyəsində çıxış etmək üçün kifayət qədər potensiala malik olduğunu vurğulayıb.

“O, yenidən ən yüksək səviyyəsinə qayıdacaq. Vinisius hələ gəncdir. Futbolçular 32-33 yaşına yaxınlaşanda bəziləri artıq ideal fiziki formasını qoruya bilmir, digərləri isə motivasiyasını itirir. İnsanlar unudurlar ki, Vini bura çox gənc yaşında gəlib və olduqca erkən yüksək səviyyəyə çatıb”, - deyə Mourinyo bildirib.

Baş məşqçi braziliyalı futbolçunun ünvanına səslənən tənqidlərə də münasibət bildirib:

“Hamı onu tənqid edəndə mən həmişə yaxşı insan olduğunu deyirdim. O, ətrafındakılara qarşı çox həssas və diqqətcildir. Komandaya verdiyi töhfə həmişə müsbət olub”.

Mourinyo Vinisiusun son oyunlardakı çıxışını da dəyərləndirib:

“Vilyarreal”la görüşdə oyunun gedişini dəyişdi, qələbə qolu ola biləcək topu vurdu, amma həmin qol ləğv edildi. Sonra dörd oyunu buraxmalı oldu. Onun inkişafı məhz yüksəliş dövründə dayandı. Bu həftəsonu meydana yaxşı daxil oldu və oyunun gedişini dəyişməyə kömək etdi. Sabah da oynayacaq və hamımız ondan yaxşı çıxış gözləyirik”.

Portuqaliyalı mütəxəssis Vinisiusun üzərində əlavə təzyiq olmadığını da qeyd edib:

“O, həm müdafiədə, həm də hücumun təşkilində faydalıdır. Əgər bütün gücünü ortaya qoyursa, hər matçın əsas qəhrəmanı olmaq məcburiyyətində deyil”.

Qeyd edək ki, “Real Madrid” noyabrın 24-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda Niderlandın PSV klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

İdman.Biz