“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

23 Noyabr 2026 19:57
37
“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Türkiyə millisinin, “Qalatasaray” və “Fənərbağça” klublarının sabiq futbolçusu Emre Mor 29 yaşında peşəkar karyerasına fasilə verib.

İdman.Biz Niderlandın NEK klubunun rəsmi saytına istinadən xəbər verir ki, cinah hücumçusu sağlamlığına diqqət ayırmaq məqsədilə futboldan müvəqqəti uzaqlaşmaq qərarına gəlib. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Futbolçu qərarını belə izah edib:

“Uşaqlıqdan yalnız bir arzum olub - peşəkar futbolçu olmaq. Bu arzumu gerçəkləşdirmək mənim üçün hər şey demək idi. Sevdiyim idman növünə həmişə bütün gücümü verməyə çalışmışam. Lakin son vaxtlar səhhətimlə bağlı müəyyən çətinliklərlə üzləşmişəm. Artıq bədənimin səsinə qulaq asmalı, imkanlarımı nəzərə almalı və sağlamlığımı birinci yerə qoymalıyam.

Buna görə də peşəkar futboldan müvəqqəti uzaqlaşmaq və diqqətimi özümə yönəltmək kimi çətin qərar verdim. Futbola sevgim heç vaxt dəyişməyəcək. Gələcəyin mənə nələr gətirəcəyinə dair ümidimi qoruyuram”.

NEK-in idman direktoru Karlos Aalbers də futbolçunun qərarına münasibət bildirib:

“Emre çox istedadlı futbolçudur. Ötən yay onun potensialını komandamızda nümayiş etdirməsi üçün birlikdə çalışmağa başladıq. Təəssüf ki, hazırda istədiyi səviyyədə çıxış edə bilmədiyini bizə çatdırdı. Məsələni müzakirə etdik və hər iki tərəf üçün ən doğru yolun bu olduğu qənaətinə gəldik. İnsan sağlamlığı hər zaman birinci yerdədir”.

Qeyd edək ki, ötən yay NEK-lə ikiillik müqavilə imzalayan Emre Mor Niderland təmsilçisinin heyətində yeddi oyuna çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, yeganə qolunu UEFA Çempionlar Liqasının təsnifat mərhələsində “Olimpiakos”la qarşılaşmanın əlavə vaxtında vurub.

Türkiyə millisində 15 oyun keçirən futbolçu daha əvvəl Dortmund “Borussiya”sı, “Selta”, “Qalatasaray” və “Fənərbağça” kimi klublarda çıxış edib.

İdman.Biz