“Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç “Barselona”nın futbolçusu Lamin Yamalın Bakıya gəlməyəcəyini öyrəndikdən sonra sosial şəbəkədə maraqlı paylaşım edib.
İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçu “TikTok” hesabında yumoristik video yayımlayaraq ispaniyalı ulduzla qarşılaşa bilməyəcəyinə görə məyusluğunu nümayiş etdirib. Video kədərli musiqi ilə müşayiət olunub.
Puxaç daha əvvəl Çempionlar Liqasında Yamal ilə üz-üzə gəlməyi səbirsizliklə gözlədiyini bildirmişdi. Polşalı müdafiəçi rəqibinə meydanda boş sahə verməmək niyyətində olduğunu açıqlamışdı:
“Ona bir santimetr belə boş sahə verməmək üçün əlimdən gələni edəcəyəm. Daim yaxınlığında olmağa çalışacağam. O, demək olar ki, bütün müdafiəçiləri aldadır. Əgər məni aldada bilməsə, bunu özüm üçün qələbə sayacağam”.
Lakin gözlənilən fərdi qarşıdurma baş tutmayacaq. “Barselona” Lamin Yamalın sağ topuq nahiyəsində yüngül narahatlıq hiss etdiyini və ehtiyat tədbiri olaraq “Sabah”la oyunda iştirak etməyəcəyini açıqlayıb.
Xatırladaq ki, “Sabah” - “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 21:45-də başlayacaq.
