“Real Madrid”in baş məşqçisi Joze Mourinyo “Bavariya”nın hücumçusu Harri Keyn və PSJ-nin futbolçusu Dezire Duenin ciddi zədələri fonunda oyunların çoxluğundan şikayətlənən futbolçulara münasibətini açıqlayıb.
İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis müasir futbolda sıx təqvimin əsas səbəblərindən birinin maliyyə maraqları olduğunu vurğulayıb.
“Düşünürəm ki, pul qazanmaq istəyiriksə, çox işləməli və risk etməliyik. Həyat belədir. Əgər hansısa futbolçu oyunların çoxluğuna görə tətil etmək istəsə, ona maaşının 50 faiz azaldılmasını təklif etmək olar. Maliyyə amili çox böyük rol oynayır.
Biz uyğunlaşmalı və dözməliyik. Yeni və mürəkkəb vəziyyətə alışmaq məcburiyyətindəyik. Bu gün klub çalışdırıram, sabah isə milli komandanın baş məşqçisi ola bilərəm.
Klub məşqçiləri tez-tez soruşurlar: bu qədər milli oyun, səfərlər nəyə lazımdır? Millətlər Liqası kimə lazımdır? Amma milli komandaların məşqçiləri üçün bu turnir son dərəcə vacibdir. Federasiyaların maliyyə vəziyyəti baxımından da böyük əhəmiyyət daşıyır.
Nəticədə maraqlar toqquşması yaranır, amma hər şey gəlib pula çıxır”, - deyə Mourinyo gülərək bildirib.
Təcrübəli mütəxəssis özünün daha az oyun keçirilməsinin tərəfdarı olduğunu da gizlətməyib:
“Seçim imkanım olsaydı, yalnız üç gündən bir oynamağa üstünlük verərdim”.
Qeyd edək ki, Harri Keyn ayaq biləyi bağlarının zədələnməsi səbəbindən təxminən üç ay, Dezire Due isə dizinin ön çarpaz bağının qopması nəticəsində daha uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
