İngiltərə millisinin və “Everton”un futbolçusu Cordan Pikford ehtiyatsız sürücülük etdiyini etiraf edib.
İdman.Biz “Daily Mirror”a istinadən xəbər verir ki, futbolçu 200 min funt-sterlinq (449 min manat) dəyərində “Lamborghini” idarə edərkən lazımi diqqət və ehtiyat göstərməməsi ilə bağlı ittiham üzrə təqsirini yazılı şəkildə qəbul edib.
Hadisə aprelin 14-də Çeşir qraflığının Knutsford şəhərində baş verib. İddiaya görə, Pikford “Yol ver” nişanına məhəl qoymayıb və bu, qəzanın qarşısını almaq üçün iki avtomobilin kəskin əyləcləməsinə səbəb olub.
Məhkəmə sənədlərinə əsasən, polis əməkdaşı Pikford uzaqlaşdıqdan sonra onu təqib edib. 30 mil/saat (təxminən 48 km/saat) sürət həddi olan ərazidə futbolçunun avtomobili 50 mil/saat (təxminən 80 km/saat) sürətlə hərəkət edib.
32 yaşlı qapıçı yumşaldıcı halları təqdim etmək üçün dinləmənin keçirilməsini istəyib.
Pikfordun işi dekabrın 7-dək təxirə salınıb.
Qeyd edək ki, Cordan Pikford “Everton”un heyətində 336, İngiltərə millisində isə 92 oyun keçirib.
