Lamin Yamal “Barselona” ilə Bakıya gəlməyəcək

23 Noyabr 2026 13:31
57
Lamin Yamal “Barselona” ilə Bakıya gəlməyəcək

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Sabah”la keçiriləcək oyunda iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, klub futbolçunun sağ topuq nahiyəsində yüngül narahatlıq olduğunu açıqlayıb. Kataloniya təmsilçisi ehtiyat tədbiri olaraq Lamin Yamalın qarşıdakı matçı buraxmasına qərar verib.

Daha əvvəl İspaniyanın “Diario Sport” nəşri baş məşqçi Hansi Flikin sıx oyun qrafikini nəzərə alaraq gənc hücumçuya istirahət verməyi planlaşdırdığını yazmışdı. “Cadena SER” də futbolçunun Bakıya səfər edəcək heyətə daxil edilməyəcəyini bildirmişdi.

Qeyd edək ki, “Barselona” bu gün, noyabrın 23-də Bakı vaxtı ilə saat 16:00-da İspaniyadan yola düşəcək. Komandanın saat 21:10-da Bakıya çatması gözlənilir. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Xatırladaq ki, “Sabah” - “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla beşinci, “Sabah” isə üç xalla 31-ci pillədə qərarlaşıb.

İdman.Biz