“Çətin oyun idi. Xüsusilə stadiondakı atmosferi qeyd etmək istərdim. Bu cür arenada oynamaq xoş idi. Təəssüf ki, qol vura bilmədik. Top bizdə olanda rəqiblərimiz daha çox müdafiəyə çəkilirlər, bu da bizə hücumun son mərhələsində çox az boşluq buraxır”.
Bu sözləri “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə komandasının Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə 0:0 hesablı heç-heçə etdiyi görüşdən sonra deyib.
Müdafiəçi matçın çətinliyindən, hücumların tamamlanmasındakı çətinliklərdən, qarşıdakı “Sumqayıt” oyunu ilə bağlı gözləntilərindən və uzun fasilədən sonra start heyətinə qayıtmasından danışıb.
“Biz çalışırıq, qol epizodlarını tamamlamaq üzərində işləyirik, amma bu dəfə də alınmadı. Hər şeyin fərqindəyik. Bu mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik. Hər bir komanda yaxşı oynayır və müdafiə olunmağı bacarır. Oyunun necə cərəyan edəcəyini indidən demək çətindir, amma meydana qələbə qazanmaq məqsədilə çıxacağıq. Yenidən meydanda olmaq əla hissdir. Doqquz aydan çoxdur ki, oynamırdım. Komanda olaraq qarşımızda hələ uzun bir yol var”, - deyə o sportal.az-a açıqlamasında söyləyib.
