“Döyüş klubu” (Fight Club) və “Amerika tarixçəsi X” (American History X) filmləri ilə tanınan Hollivud aktyoru Edvard Norton Türkiyə millisinin və “Real Madrid”in futbolçusu Arda Gülərə olan rəğbətini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 14 yaşlı oğlu Arda Gülərin böyük pərəstişkarı olan məşhur aktyor Edvard Norton maraqlı açıqlama verib.
Norton müsahibə zamanı oğlunun futbola, xüsusilə də gənc türkiyəli futbolçuya olan marağından danışıb.
“Oğlum “Halloween” bayramında Arda Gülər kimi geyinmişdi”, - deyə aktyor bildirib.
Norton özü də Arda Gülərə böyük rəğbət bəslədiyini vurğulayıb.
Bu açıqlamadan sonra aktyora Türkiyə millisinin forması hədiyyə edilib. Arda Gülər isə jestə cavab olaraq Edvard Nortona və onun oğluna imzalı “Real Madrid” formaları göndərib.

Bundan əlavə, türkiyəli futbolçu aktyoru və oğlunu “Real Madrid”in oyunlarından birinə dəvət edib.
