“Arsenal” 2026/2027 mövsümü üçün çəkilmiş rəsmi komanda şəklini yeniləmək qərarına gəlib. Buna səbəb futbolçu Vilyam Salibanın ilk fotosessiyada iştirak etməməsidir.
İdman.Biz xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Arteta “Nottingem Forest”lə oyun öncəsi keçirilən mətbuat konfransında məsələyə aydınlıq gətirib.
İspaniyalı mütəxəssisin sözlərinə görə, Saliba həkim qəbulunda olduğu üçün komandanın rəsmi fotosessiyasını buraxıb. Klub çəkilişi daha əvvəl üç dəfə təxirə salsa da, kommersiya öhdəlikləri səbəbindən bu dəfə həyata keçirmək məcburiyyətində qalıb.
“Qərara gəldik ki, heç olmasa həmin şəkli çəkdirək. Bəli, Salibanın da iştirakı ilə yenidən fotosessiya keçirəcəyik”, - deyə Arteta bildirib.
Baş məşqçi fransalı futbolçunun vəziyyətə anlayışla yanaşdığını da vurğulayıb. Onun sözlərinə görə, Saliba klubda nə qədər sevildiyini bilir və şəklə düşməməsi ilə bağlı zarafatları da xoş qarşılayıb.
