Futbol üzrə İtaliya Kubokunun formatında 2027/2028 mövsümündən etibarən ciddi dəyişikliklər edilə bilər.
İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, A Seriyasının rəhbərliyi turnirdə iştirakçı sayının artırılması və qrup mərhələsinin geri qaytarılması imkanlarını nəzərdən keçirir.
Müvafiq təkliflər İtaliya liqası klublarının televiziya yayım hüquqlarının satışı üzrə yeni tender ərəfəsində keçirilən iclasında müzakirə olunub.
Hazırda İtaliya Kubokunun oyunlarını pulsuz yayımlayan “Mediaset” şirkəti ilə müqavilə liqaya hər il 56 milyon avro gəlir gətirir. Mövcud razılaşmanın müddəti cari mövsümün sonunda başa çatacaq.
A Seriyasının rəhbərliyi turniri yayımçılar üçün daha cəlbedici etməklə növbəti televiziya müqaviləsindən əldə olunan gəlirləri artırmağı planlaşdırır.
Müzakirə olunan variantlar arasında C Seriyasından daha çox klubun yarışa buraxılması və turnirin ilkin mərhələsində qrup formatının bərpası da var.
Qeyd edək ki, İtaliya Kubokunda qrup mərhələsindən sonuncu dəfə 2004/2005 mövsümündə istifadə olunub.
İslahatla bağlı yekun qərar hələ qəbul edilməyib. Mümkün dəyişikliklərin müzakirəsinin qarşıdakı aylarda davam edəcəyi gözlənilir.
