FIFA daxilində Sülh Mükafatının gələcəyi ilə bağlı fikir ayrılığı yaranıb. Qurumun bir sıra yüksəkvəzifəli nümayəndələri mükafatın ləğv edilməsini və ya verilmə qaydalarının dəyişdirilməsini təklif ediblər.
İdman.Biz "The Guardian"a istinadən xəbər verir ki, oktyabrın 15-də keçirilən FIFA Şurasının iclasında bir neçə üzv prezident Canni İnfantinoya bu məsələ ilə bağlı müraciət edib.
İclasın əvvəlində İnfantino mükafatla bağlı məsələnin FIFA-nın Sosial Məsuliyyət Komitəsinə göndərildiyini açıqlayıb. Lakin Şura üzvləri sonradan mövzuya yenidən qayıdaraq təşkilat daxilində mümkün maraqlar toqquşması ilə bağlı suallar qaldırıblar.
Məlumata görə, bəzi nümayəndələr 2025-ci ilin dekabrında mükafatın ilk laureatı olmuş ABŞ Prezidenti Donald Trampla əlaqələndirilməsinin onun nüfuzuna xələl gətirdiyini düşünürlər. Onlar növbəti qalibin Trampın narazılığına səbəb olacağı təqdirdə qalmaqal yarana biləcəyindən ehtiyat edirlər.
22 üzvdən ibarət Sosial Məsuliyyət Komitəsində İnfantinoya yaxın ölkələrin nümayəndələrinin çoxluq təşkil etdiyi bildirilir. Buna görə də mükafatın tamamilə ləğv olunması ehtimalı aşağı qiymətləndirilir.
FIFA Şurasının üzvlərindən birinin fikrincə, daha real variant mükafatın yalnız futbol ictimaiyyətində sosial həmrəyliyin və məsuliyyətin təşviqinə mühüm töhfə vermiş şəxslərə təqdim edilməsidir. Bu halda siyasətçilərin mükafata namizədliyi istisna oluna bilər.
Qeyd edək ki, FIFA-nın ilk Sülh Mükafatı 2025-ci il dekabrın 5-də Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimində Donald Trampa təqdim olunub.
