“Arsenal”da 60 nəfərin ixtisarı gündəmdə: Arteta rəhbərliyin qərarını müdafiə etdi

16 Oktyabr 2026 22:45
105
“Arsenal”da 60 nəfərin ixtisarı gündəmdə: Arteta rəhbərliyin qərarını müdafiə etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubda 60-a qədər əməkdaşın ixtisar edilməsi planını müdafiə edib.

İdman.Biz xəbər verir ki, illik təxminən 20 milyon funt-sterlinq (təxminən 46 milyon manat) dəyərində yeni müqavilə imzalayan ispaniyalı mütəxəssis “Nottingem Forest”lə Premyer Liqa oyunu öncəsi keçirilən mətbuat konfransında məsələyə münasibət bildirib.

Arteta klubun gələcək uğurları üçün struktur dəyişikliklərinin vacibliyini vurğulayıb. Bununla belə, o, ixtisarlarla bağlı sualları cavablandırmaq üçün ən uyğun şəxs olmadığını qeyd edib.

“İstədiyimiz məqsədlərə çatmaq üçün insanları düzgün vəzifələrə yerləşdirmək və sərmayə qoymağa davam etmək lazımdır. Bunun üçün müəyyən qərarlar qəbul edilməlidir”, - deyə baş məşqçi bildirib.

İxtisar planı “Boston Consulting Group” şirkətinin apardığı qiymətləndirmədən sonra hazırlanıb. Dəyişikliklər klubun meydandan kənar fəaliyyət göstərən şöbələrini əhatə edəcək. Məşqçilər korpusu və futbolçuların hazırlığına cavabdeh əməkdaşlar isə ixtisarlardan təsirlənməyəcəklər.

Qeyd edək ki, “Arsenal” 2024/2025 mövsümü üzrə rekord həddə - 691 milyon funt-sterlinq gəlir əldə etdiyini açıqlayıb.

İdman.Biz