FIFA İspaniya millisini Misirlə yoldaşlıq görüşündə baş verən ayrı-seçkilik xarakterli hadisələrə görə cəzalandırıb. İspaniya Futbol Federasiyası (RFEF) 20 min dollar məbləğində cərimələnib, həmçinin stadionun tribunalarının bir hissəsinin bağlanmasına qərar verilib.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, sanksiyalar martın 31-də Kornelyadakı RCDE stadionunda keçirilən qarşılaşmada yaşanan hadisələrlə bağlıdır.
Oyundan əvvəl bəzi azarkeşlər Misirin dövlət himnini fitə basıb, qarşılaşma zamanı isə müsəlmanlara qarşı ayrı-seçkilik xarakterli şüarlar səsləndiriblər.
Baş hakim hadisələri matçın protokolunda qeyd etdikdən sonra FIFA İspaniya Futbol Federasiyası barəsində intizam icraatına başlayıb.
Bir neçə ay davam edən araşdırmadan sonra avqustun 4-də ilkin qərar qəbul edilib. RFEF həmin qərardan apellyasiya şikayəti versə də, yekun qərar bu yaxınlarda dərc olunub.
Sanksiyaya əsasən, İspaniya millisinin FIFA tərəfindən birbaşa təşkil edilən növbəti ev yoldaşlıq görüşündə tribunaların bir hissəsi tamaşaçılar üçün bağlı olacaq.
Hadisə beynəlxalq ictimaiyyətdə də geniş rezonans doğurub. Müsəlman olan “Barselona”nın hücumçusu Lamin Yamal da azarkeşlərin davranışını açıq şəkildə pisləyib.
