“Roma”da ciddi itkilər: Qasperini iki futbolçunun durumunu açıqladı

16 Oktyabr 2026 20:13
88
“Roma”da ciddi itkilər: Qasperini iki futbolçunun durumunu açıqladı

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasında “Real Madrid”ə 3:4 hesablı məğlubiyyətdən sonra zədələnən futbolçular Manu Kone və Paulo Dibalanın vəziyyətinə aydınlıq gətirib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis bu barədə A Seriyasının yeddinci turunda “Cenoa” ilə keçiriləcək matçdan əvvəl təşkil olunan mətbuat konfransında danışıb. Hər iki futbolçu oktyabrın 17-də baş tutacaq qarşılaşmanı buraxacaq.

Qasperininin sözlərinə görə, Konenin MRT müayinəsi zamanı birinci dərəcəli əzələ zədəsi aşkarlanıb.

“Kone MRT müayinəsindən keçib və birinci dərəcəli zədə müəyyən edilib. Bu, xüsusilə ciddi zədə deyil, amma bərpa üçün müəyyən vaxt lazımdır. Ümid edirik ki, onu milli komandaların oyunları ilə əlaqədar fasilədən əvvəl, “Sassuolo” ilə görüşə qaytara biləcəyik”.

Baş məşqçi Dibalanın vəziyyətinin daha az narahatlıq doğurduğunu vurğulayıb:

“Dibala ilə bağlı ciddi problem yoxdur. Onun baldır əzələsində yorğunluq müşahidə edilir. Ümid edirik ki, gələn həftə komandaya qayıdacaq”.

Qasperini digər itkilərə də toxunub. Ayaq barmağında sınıq aşkarlanan qapıçı Mile Sviların təxminən bir ay meydana çıxa bilməyəcəyi gözlənilir. Brayan Kristantenin isə gələn həftə “Napoli” ilə görüşə qədər sağalması nəzərdə tutulur.

Bundan başqa, Donyell Malen “Komo” ilə əvvəlki çempionat matçında birbaşa qırmızı vərəqə aldığı üçün “Cenoa”ya qarşı oynamayacaq.

İdman.Biz