Bellingem “Real Madrid”də 150-ci oyununu keçirdi: futbolçu gələcək hədəflərini açıqladı

16 Oktyabr 2026 19:58
62
Bellingem “Real Madrid”də 150-ci oyununu keçirdi: futbolçu gələcək hədəflərini açıqladı

“Real Madrid”in futbolçusu Cud Bellingem İspaniya klubunun heyətində 150-ci oyununu keçirməsi münasibətilə təəssüratlarını bölüşüb.

İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu bu göstəriciyə oktyabrın 14-də Çempionlar Liqasında “Roma” üzərində 4:3 hesablı qələbə qazandıqları qarşılaşmada nail olub. Yubiley münasibətilə ona “Real Madrid”in məşq bazasında xatirə forması təqdim edilib.

“Çox xoşbəxtəm və qürur duyuram. Bu klubda oynamaq həmişə böyük zövqdür. Ümid edirəm ki, burada daha uzun illər çıxış edəcəyəm. “Real Madrid”də oynamaq və 150 matça çatmaq mənim üçün böyük şərəfdir”, – deyə Bellingem vurğulayıb.

23 yaşlı futbolçu komandanın inkişafına töhfə vermək və daha çox titul qazanmaq istədiyini də bildirib.

İnsayder Fabrizio Romanonun məlumatına görə, Bellingem “Real Madrid”lə müqaviləsini 2031-ci ilə qədər uzadacaq. Tərəflər yeni uzunmüddətli sazişlə bağlı şifahi razılığa gəliblər. Müqavilənin Tibo Kurtua və Arda Gülərlə anlaşmalar yeniləndikdən sonra imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2023-cü ildən “Real Madrid”də çıxış edən Bellingem bu müddətdə 49 qol vurub və beş böyük titul, o cümlədən Çempionlar Liqası və La Liqa çempionluğu qazanıb.

İdman.Biz