“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Ander Herrera Joze Mourinyonun “Mançester Siti” ilə bağlı illər əvvəl səsləndirdiyi fikirlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu Rio Ferdinandın müsahibəsində portuqaliyalı mütəxəssisin bir çox məsələdə haqlı olduğunu vurğulayıb.
Herrera Mourinyonun “Mançester Yunayted”lə 2017/2018 mövsümündə Premyer Liqanı ikinci pillədə başa vurmasını karyerasının ən böyük nailiyyətlərindən biri hesab etməsini xatırladıb.
“Joze bir qədər “Simpsonlar”a bənzəyir. Onun söylədiyi bir çox şey sonradan həqiqətən baş verir.
O, daim bizə deyirdi ki, baş verənlər normal deyil. “Mançester Siti” artıq De Brüyne, Gündoğan və başqa futbolçuları transfer etdiyi halda, eyni vaxtda dörd müdafiəçi də ala bilirdi. Altı aydan sonra hansısa oyunçu gözləntiləri doğrultmayanda sadəcə başqasını transfer edirdilər. Bu, Jozeni çox qəzəbləndirirdi. İndi geriyə baxanda anlayırsan ki, o, bir çox məsələdə haqlı imiş”, - deyə Herrera bildirib.
Qeyd edək ki, Mourinyonun rəhbərlik etdiyi “Mançester Yunayted” 2017/2018 mövsümündə Premyer Liqanı ikinci pillədə başa vurub. Həmin mövsüm çempion olan “Mançester Siti” sonradan maliyyə qaydalarının pozulması ilə bağlı ittihamlarla üzləşib.
