İtaliyanın “Napoli” futbol komandasının baş məşqçisi Massimiliano Alleqri belçikalı yarımmüdafiəçi Kevin De Brüyne ilə aralarında yaranan gərginliyə münasibət bildirib.
İdman.Biz “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis A Seriyasında “Venetsiya” ilə keçiriləcək səfər oyunu ərəfəsində mətbuat konfransında komandanın son nəticələrini və heyətdəki problemləri dəyərləndirib.
“Napoli” Çempionlar Liqasında İspaniyanın “Vilyarreal” futbol komandasına 1:3 hesabı ilə məğlub olub. Qarşılaşma zamanı Alleqri ilə De Brüyne arasında yaranan fikir ayrılığı da İtaliya mətbuatının diqqətini çəkib.
Baş məşqçi komandanın oyun ərzində psixoloji tarazlığı qorumaqda çətinlik çəkdiyini etiraf edib. Onun sözlərinə görə, “Vilyarreal”la görüşdə Matteo Politano səhvə yol versə də, vəziyyəti dəyişmək üçün kifayət qədər vaxt olub.
Alleqri hesab 2:1 olarkən də bərabərlik qolunu vurmaq imkanlarının yarandığını bildirib. Mütəxəssis futbolçuların gözlənilməz vəziyyətlərə daha düzgün reaksiya verməli olduqlarını vurğulayıb.
Baş məşqçi Frank Anqissa, Alisson Santos və Matias Oliveranın yenidən komanda ilə məşqlərə qoşulduğunu açıqlayıb.
Bununla yanaşı, David Neres zədə səbəbindən sıradan çıxıb. Kostantino Favasuli və Antonio Verqara isə bərpa prosesini davam etdirirlər və hələ oynamağa hazır deyillər.
Alleqri Skott Maktomineyin də yenicə qayıtdığını xatırladaraq məşqlə rəsmi oyunun fiziki tələblərinin fərqli olduğunu bildirib.
Alleqri qərarı son məşqdən sonra verəcəyini, Rasmus Hoylundun isə istirahətə ehtiyacı olduğunu söyləyib.
“Venetsiya” - “Napoli” qarşılaşması oktyabrın 17-də keçiriləcək.
