PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in yeddinci turunda “Strasburq”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının əsas məqsədinin qələbə qazanaraq turnir cədvəlində ilk üçlüyə qayıtmaq olduğunu bildirib.
“Biz hər oyuna eyni şəkildə hazırlaşırıq, çünki hamısında qalib gəlmək istəyirik. Bu, həm bizim, həm də futbolçuların qarşısına qoyduğu aydın məqsəddir. Yaxşı oynamağa, qol imkanları yaratmağa çalışırıq və üç xalın nə qədər vacib olduğunu bilirik. Bu isə böyük təzyiq yaradır.
Hər üç gündən bir meydana çıxırıq, oyun təqvimimiz çox sıxdır. Çətin olacaq. “Strasburq” özünəməxsus komandadır. Heyəti çox gənc və keyfiyyətli futbolçulardan ibarətdir. Onlar bizimlə qarşılaşmada nəyə qadir olduqlarını göstərmək istəyəcəklər.
Bu səhər məşq etdik, lakin yaxşı bərpa olunmağa da ehtiyacımız var idi. Meydana çıxıb növbəti qələbəni qazanmaq və ilk üçlüyə qayıtmaq istəyirik. Yaxşı seriyamız var və bunu davam etdirmək niyyətindəyik”, – deyə Enrike vurğulayıb.
Qeyd edək ki, “Strasburq” – PSJ matçı oktyabrın 17-də “Meno” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
