“Liverpul” yeniyetmə futbolçu Luka İdenlə yeni müqavilə imzalamaq üzərində işləyir.
İdman.Biz jurnalist Ceyms Pirsə istinadən xəbər verir ki, klub növbəti mövsüm ərəfəsində 15 yaşlı futbolçu ilə təqaüd müqaviləsi bağlamaq, eyni zamanda onun ilk peşəkar sözləşməsi üçün ön müqavilə razılığı əldə etmək istəyir.
İden “Liverpul”un akademiyasında sürətli inkişafı zamanı artıq bir neçə rekorda imza atıb. O, 2027-ci ilin martında 16 yaşını tamamlayacaq. Futbolçu 2028-ci ilin martında 17 yaşı tamam olduqdan sonra ilk peşəkar müqaviləsini imzalamaq hüququ qazanacaq.
İden ötən ilin noyabrında “Mançester Yunayted”ə qarşı oyunda 14 yaş, 8 ay, 20 günündə meydana çıxaraq “Liverpul”un U-18 komandasında forma geyinən ən gənc futbolçu olub.
İki ay sonra isə növbəti rekorda imza atıb. İden 14 yaş, 319 günündə “Börnli” üzərində 7:1 hesablı qələbə qazanılan görüşdə penalti qazanıb və onu dəqiq yerinə yetirərək klubun U-18 komandasında qol vuran ən gənc futbolçu olub.
Onun inkişafı bu mövsüm də davam edir. İden bu ayın əvvəlində “Atletiko Madrid”ə qarşı start heyətində meydana çıxaraq UEFA Gənclər Liqasında “Liverpul”un formasını geyinən ən gənc futbolçu olub.
Yarımmüdafiəçi İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib. O, 2025-ci ilin sonlarında İngiltərə U-15 millisinin kapitanı olub.
Hazırda isə yaşının az olması, həmçinin böyük futboldakı fiziki və taktiki tələblər nəzərə alınaraq, İdenin bu mövsüm “Liverpul”un U-18 komandasında qalacağı gözlənilir. Klub onun inkişafını ehtiyatla idarə etməyə davam edir.
