Çeferindən İnfantinoya sərt mesaj: “Bəsdir deməyin vaxtıdır”

29 Sentyabr 2026 22:15
89
Çeferindən İnfantinoya sərt mesaj: “Bəsdir deməyin vaxtıdır”

UEFA prezidenti Aleksander Çeferin FIFA rəhbərliyində dəyişikliklərin zəruri olduğunu bəyan edib. O, bu fikirlərini Kopenhagendə Avropa Futbol Klubları Təşkilatının görüşündə çıxışı zamanı səsləndirib.

İdman.Biz “L’Equipe”ya istinadən xəbər verir ki, Çeferin nitqində FIFA prezidenti Canni İnfantinonun adını çəkməsə də, təşkilatın hazırkı rəhbərliyinin təşəbbüslərini kəskin tənqid edib. UEFA da daha əvvəl FIFA yarışlarının özəl investorlara satılması təklifini rədd etdiyini açıqlayıb.

“Artıq “Bəsdir” deməyin vaxtıdır. Təsəvvür edin ki, kimsə sizin arxanızda aktivlərinizin satılmasından danışır; təsəvvür edin ki, sizə əvvəlcədən xəbərdarlıq etmədən sülh mükafatı təqdim edirlər.

Futbol onu idarə edən insanlardan daha böyükdür. Heç kimin onun gələcəyini satmağa haqqı yoxdur. Futbol satılmır. Nə bu gün, nə də sabah”, – Çeferin bildirib.

Qeyd edək ki, İnfantino dünya çempionatlarına özəl investisiyaların cəlb edilməsi planlarına görə tənqid olunub. UEFA 2026-cı ilin iyulunda bu təklifə qarşı çıxaraq dünya çempionatının investisiya məhsulu kimi təqdim edilə bilməyəcəyini bildirib.

İnfantino həmçinin FIFA Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa təqdim etdiyinə görə də tənqidlərə məruz qalıb.

İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsindədir. Təşkilatın növbəti prezident seçkisinin 2027-ci ilin yazında Mərakeşdə keçirilməsi planlaşdırılır.

İdman.Biz