Fransa millisinin və Madrid "Real"ının futbolçu Kilian Mbappe 2016-cı ildə “Liverpul”a keçməyə çox yaxın olduğunu açıqlayıb.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, hücumçu həmin vaxt “Monako”da çıxış edərkən Mersisayd klubunun onu transfer etmək istədiyini bildirib. Onun sözlərinə görə, anası “Liverpul”un böyük azarkeşi olub və oğlunun bu kluba keçməsini istəyib.
“Mən “Liverpul”a keçməyə yaxın idim. Anam üçün ən sevimli seçim “Liverpul” idi. O, oraya getməyimi istəyirdi”, – Mbappe deyib.
Futbolçu isə anasının məsləhətinə qulaq asmayaraq Parisdə qalmağı seçib: “Mən qulaq asmadım, çünki doğma şəhərimdə, Parisdə oynamaq istəyirdim. Şəxsiyyət kimi formalaşmadan ölkəmi tərk etmək istəmirdim”.
Mbappe bildirib ki, anası danışıqların ilkin mərhələsində Liverpula gedib, şəhəri və stadionu görüb, klub nümayəndələri ilə görüşüb.
“O, Enfildə getdi və oraya aşiq oldu. Atmosferi hiss etmək üçün təkbaşına bir neçə oyuna baxdı, çünki məni o stadionda təsəvvür etmək istəyirdi”, – deyə Mbappe vurğulayıb.
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp da həmin transfer cəhdindən danışıb. O bildirib ki, klub Mbappe və ailəsi üçün şəxsi təyyarə təşkil edib, onları Blekpuldan Fransanın Nitsa şəhərinə aparıb və danışıqlar zamanı ailə ilə görüşüb.
“Biz həqiqətən bütün imkanlarımızı səfərbər etdik. Sonra havada dövrə vurduq, ailə ilə söhbət etdik, yaxşı yeməklər yedik”, – Klopp deyib.
Mbappe isə sonda PSJ-yə keçmək qərarına gəldiyini vurğulayıb: “Parisdə doğulub böyüyən biri kimi, doğma şəhərimdə ulduz ola biləcəyimi göstərməkdən daha gözəl bir hiss yox idi”.
Mbappe 180 milyon avro qarşılığında PSJ-yə keçib. O, Paris klubunda yeddi il keçirib və 2024-cü ildə “Real Madrid”ə transfer olunmazdan əvvəl PSJ tarixinin ən yaxşı bombardiri olub.
