Matteus müsahibə vermək istəməyən Oliseni müdafiə etdi

22 Sentyabr 2026 23:35
29
Matteus müsahibə vermək istəməyən Oliseni müdafiə etdi

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus mətbuatla ünsiyyətdən uzaq durduğuna və xarici görünüşünə görə tənqid olunan Münhen “Bavariya”sının yarımmüdafiəçisi Maykl Oliseni müdafiə edib.

İdman.Biz xəbər verir ki, Matteus futbolçunun müsahibə vermək istəməməsinin problem olmadığını bildirib.

“Mənə elə gəlir ki, o, necə var, elə də yaxşıdır. Əgər istəmirsə, nə üçün danışmalıdır? Sırf biz istəyirik deyə, o, başlıqlara düşməlidir? O, bunu istəmir – sadəcə, bu onun təbiətində yoxdur.

Mənim kimi biri kameranın qarşısına keçib danışır, Olise isə matçdan sonra özünü rahat hiss etdiyi yerə getməyə üstünlük verir. Onun rahatlıq zonası mikrofona və ya kameraya qarşı deyil, ətrafındakı insanlardır. Və mən bunda heç bir problem görmürəm.

Nə qədər ki o, oynadığı kimi futbol oynayır, qoy nə istəyir geyinsin və istənilən mikrofonun yanından keçib getsin. Mənim üçün onun meydanda etdikləri hər hansı bir müsahibədən çox daha maraqlıdır”, – deyə Matteus vurğulayıb.

Qeyd edək ki, Olise hələ "Kristal Palas"da oynayarkən də matçdan sonrakı müsahibələrdən qaçması, kameraya ən qısa (hətta tək cümləlik) cavablar verməsi və soyuqqanlı, "qapalı" davranışları ilə tanınırdı.

İdman.Biz