“Borussiya” yeni baş məşqçisini rəsmən açıqladı

22 Sentyabr 2026 23:21
18
“Borussiya” yeni baş məşqçisini rəsmən açıqladı

Almaniyanın “Borussiya” (Münhenqladbax) futbol klubu Aleksander Blessini baş məşqçi vəzifəsinə təyin edib.

İdman.Biz xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

53 yaşlı almaniyalı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. Blessin bu postda sentyabrın 13-də vəzifəsindən ayrılan Eygen Polanskini əvəzləyib.

Polanskinin istefasından doqquz gün sonra “Borussiya” yeni baş məşqçisini müəyyənləşdirib. Komandanın son oyununda, “Maynts”a 3:4 hesabı ilə məğlub olduğu qarşılaşmada isə baş məşqçi vəzifəsini müvəqqəti olaraq köməkçi məşqçi Yan-Morits Lixte yerinə yetirib.

Ştutqartda anadan olan Blessin peşəkar futbolçu kimi “Ştutqart”ın heyətində Bundesliqada yeddi oyun keçirib. O, məşqçilik karyerasına “RB Leyptsiq”in gənclər komandasında başlayıb. 2012-ci ildən əvvəlcə klubun U-17 komandasında köməkçi məşqçi, daha sonra isə baş məşqçi kimi fəaliyyət göstərib.

Blessin 2020-ci ilin iyulundan 2021-ci ilin yanvarına qədər Belçikanın “Ostende” klubunda çalışıb. Buradakı fəaliyyəti zamanı mövsümün sonunda Belçikada ilin məşqçisi seçilib. Daha sonra “Cenoa”ya keçən Blessin 2021-ci ilin yanvarından dekabrına qədər İtaliya klubunda işləyib.

2023-cü ilin iyulundan bu ilin iyununa qədər isə “Union Sent-Jilluaz”ın baş məşqçisi olub. Belçika klubunda çalışdığı müddətdə komandanı Belçika Kubokunda qələbəyə daşıyıb.

Daha sonra Almaniyaya qayıdan Blessin Bundesliqada “Sankt-Pauli”yə rəhbərlik edib. O, ilk mövsümündə komandanı Bundesliqada saxlamağı bacarıb. Lakin növbəti mövsümdə “Sankt-Pauli” aşağı liqaya düşüb və Blessinlə yollar ayrılıb.

Yeni baş məşqçinin qarşısında “Borussiya”nı hazırkı vəziyyətdən çıxarmaq vəzifəsi dayanır. Münhenqladbax təmsilçisi 2026/2027 mövsümündə Bundesliqada keçirdiyi ilk 4 oyunun hamısında məğlub olub.

İdman.Biz