Özbəkistanın Səmərqənd şəhərində 11 turdan ibarət İsveçrə sistemi ilə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün altıncı turun görüşləri baş tutacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan kişilərdən ibarət milli komandası Argentina yığması ilə üz-üzə gələcək. Qadınlardan ibarət komandamızın rəqibi isə Qazaxıstan olacaq.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, əvvəlki turda kişilərdən ibarət yığmamız Rumıniya ilə 2:2 hesablı heç-heçə edib. Azərbaycan millisinin heyətində Rauf Məmmədov rəqibinə qalib gəlib. Şəhriyar Məmmədyarov məğlubiyyətlə üzləşib, Aydın Süleymanlı ilə Məhəmməd Muradlı isə partiyalarını heç-heçə başa vurublar.
Qadın komandamız isə Serbiyaya 3:1 hesabı ilə qalib gəlib. Günay Məmmədzadə və Xanım Balacayeva komandamıza tam xal qazandırıblar. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə rəqibləri ilə xalları bölüşüblər.
Qeyd edək ki, kişi şahmatçılarımız əvvəlki turlarda Mərakeşi 4:0, Filippin və İsveçrəni 3:1 hesabı ilə üstələyib, Çexiya ilə görüşü isə 2:2 hesablı heç-heçə ilə başa vurublar. Qadın millimiz Qvatemala və Danimarka üzərində 4:0, İsveç və İngiltərə üzərində isə 2,5:1,5 hesablı qələbələr qazanıb.
11 turdan ibarət Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də yekunlaşacaq.
