Məhəmməd Muradlı Qazaxıstanda gözləntiləri doğrultmadı

3 Noyabr 2026 00:32
76
Məhəmməd Muradlı Qazaxıstanda gözləntiləri doğrultmadı

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Qazaxıstanın Almatı şəhərində keçirilən “KazChess Masters” beynəlxalq turnirində uğursuz çıxış edir. Yarışın ən yüksək reytinqli iştirakçısı olan qrossmeyster son tur ərəfəsində on şahmatçı arasında səkkizinci pillədə qərarlaşıb.

İdman.Biz xəbər verir ki, 2662 reytinq xalına malik Muradlı səkkiz turda 3,5 xal toplayıb. O, iki qələbə qazanıb, üç görüşdə heç-heçə edib və üç dəfə məğlub olub.

Azərbaycan təmsilçisi ilk iki turda belaruslu Denis Lazavikə və özbəkistanlı Şəmsəddin Vahidova uduzub. Ardınca qazaxıstanlı Edqar Məmmədov və Denis Maxnevlə heç-heçə edən Muradlı beşinci və altıncı turlarda Alua Nurman və Sauat Nurqaliyevə qalib gəlib. Yeddinci turda Ermənistan təmsilçisi Aram Akopyana məğlub olan qrossmeyster səkkizinci turda Mark Smirnovla xalları bölüşüb.

Səkkiz turdan sonra belaruslu Denis Lazavik altı xalla turnir cədvəlinə başçılıq edir. Rusiyalı Daniil Dubov və özbəkistanlı Şəmsəddin Vahidov hərəyə 5,5 xalla onu izləyirlər. Muradlı liderdən 2,5 xal geri qalır.

On şahmatçının dairəvi sistem üzrə mübarizə apardığı turnir noyabrın 3-də başa çatacaq. Son turda Muradlı Daniil Dubovla, Lazavik Aram Akopyanla, Vahidov isə Sauat Nurqaliyevlə qarşılaşacaq.

İdman.Biz