Məhəmməd Muradlı Almatıda uğursuz seriyaya son qoydu

30 Oktyabr 2026 23:16
82
Məhəmməd Muradlı Almatıda uğursuz seriyaya son qoydu

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Qazaxıstanın Almatı şəhərində keçirilən “KazChess Masters” beynəlxalq turnirində ilk qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, yarışın reytinq favoriti olan qrossmeyster beşinci turda Qazaxıstan təmsilçisi Alua Nurmanı qara fiqurlarla məğlub edib.

2662 reytinq xalına malik Muradlı turnirə uğursuz başlamışdı. O, ilk turda Belarus təmsilçisi Denis Lazavikə, ikinci turda isə özbəkistanlı Şəmsəddin Vahidova uduzmuşdu. Növbəti iki görüşdə heç-heçə edən Azərbaycan şahmatçısı dörd turdan sonra cəmi bir xal toplamışdı.

Nurman üzərində qələbə Muradlının xal ehtiyatını ikiyə çatdırıb.

Beş turdan sonra Denis Lazavik və Edqar Məmmədov hərəyə 3,5 xalla turnir cədvəlinə başçılıq edirlər. Denis Maxnev üç xalla liderlərdən yarım xal geri qalır. İki xal toplayan Muradlı isə liderlərdən 1,5 xal geridədir.

Qeyd edək ki, on şahmatçının dairəvi sistem üzrə mübarizə apardığı “KazChess Masters” turniri noyabrın 3-də başa çatacaq.

İdman.Biz