İspaniya La Liqasının prezidenti Xavyer Tebas Madrid “Real”ının onu liqa rəhbəri postundan kənarlaşdırmağa çağıran bəyanatına cavab verib.
İdman.Biz xəbər verir ki, Tebas La Liqa prezidentinin ayrı-ayrı klubun deyil, bütün liqanın mənafelərini qoruduğunu vurğulayıb.
Daha əvvəl Tebas hakimlərin “Real”a qarşı qərəzli yanaşması ilə bağlı iddiaları tənqid etmişdi və bu, Madrid klubunun reaksiyasına səbəb olmuşdu.
“Bəyanatı oxudum. Bir cümlə ilə tamamilə razıyam: La Liqa prezidenti onun sahibi deyil. “Real”ın prezidenti də həmçinin. Bütün klubların mənafelərini təmsil etmək onların arasında bərabərliyi və ədaləti qorumaq deməkdir. O cümlədən, “Real”sız La Liqanın heç bir dəyərə malik olmadığı və hakimlərin “onları bəsləyən biznesə” zərər vurduğu deyildiyi məqamlarda da. Cavabıma səbəb olan iddialarla bağlı isə onların bəyanatında bir kəlmə də yoxdur.
İndi onlar mənim “müstəqil” jurnalistə cavab verməyimlə pərdələnirlər. Lakin nə bu ritorika yenidir, nə də diqqəti başqa problemlərdən yayındırmaq strategiyası. Onlar illərdir bunu Real Madrid TV və turdan-tura La Liqanın saxtalaşdırıldığını deyən və yazan öz təbliğatçıları vasitəsilə edirlər. Öz televiziyanız və klub strukturlarınız vasitəsilə bəslədiyiniz ritorikanı başqasının fikri kimi qələmə verməyə çalışmayın.
Onlar məndən yarışın qərəzsizliyinə inamın möhkəmlənməsinə töhfə verməyimi tələb edirlər. Məhz buna görə də mən hakimlərin “Real”a qarşı hərəkət etməsi haqqında ritorikanı rədd edirəm. Hakimin qərarını tənqid etmək qanunidir. Amma sizə dəyən hər bir zərəri qərəzli münasibətin sübutu kimi təqdim etmək isə tamamilə başqa şeydir. Bu, inamı möhkəmləndirir, yoxsa İspaniya futbolunun imicinə zərər vurur?
Onlar neytrallıqla müstəqilliyi səhv salırlar. Neytrallıq dedikdə heç kimin tərəfini tutmamağı, hətta nəyin düzgün, nəyin səhv olduğunu ayırd etməməyi nəzərdə tuturlarsa, deməli, məndən öz məsuliyyətimdən imtina etməyimi tələb edirlər. Müstəqillik təzyiq və tabeçilik olmadan, eyni qaydaları hər kəsə tətbiq edərək və ümumi mənafeyi qoruyaraq şəxsi kriteriyalar əsasında qərarlar qəbul etməyi tələb edir. Bu, hətta “Real”ın xoşuna gəlməsə də, qərarlar qəbul etmək və mövqe tutmaq deməkdir.
Klubun mənafelərini qorumaq onun ritorikasını qəbul etmək demək deyil. Hamını təmsil etmək isə ən qüdrətliyə tabe olmaq demək deyil. Yarışın və La Liqanın mənafelərini qorumaq lazımdır. Mən La Liqanın sahibi deyiləm və onu sanki bir klubun mülkiyyəti imiş kimi idarə etmək niyyətində də deyiləm. Hər kəsə hörmət edirəm. Heç kimə tabe olmuram”, – deyə Tebas X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, “Real” Tebası Madrid klubuna hücum etmək və onu nüfuzdan salmaq üçün tutduğu vəzifədən istifadə etməkdə ittiham edib.
