“Kayserispor”a yeni transfer qadağası

22 Sentyabr 2026 22:24
22
“Kayserispor”a yeni transfer qadağası

Türkiyənin Birinci Liqasında mübarizə aparan “Kayserispor”a FIFA tərəfindən yeni transfer qadağası tətbiq edilib.

İdman.Biz xəbər verir ki, buna səbəb klubun sabiq futbolçusu Karlos Mane qarşısında olan 75 min avro məbləğində borcudur. Bu işlə bağlı tətbiq olunan qadağa ilə klubun FIFA tərəfindən aldığı transfer qadağalarının sayı 4-ə yüksəlib.

“Kayserispor”un açıqlamasında deyilir:

“Sabiq futbolçumuz Karlos Manenin 75 min avro məbləğində alacağı ilə bağlı klubumuza FIFA tərəfindən transfer qadağası tətbiq olunub. Bu işlə birlikdə klubumuzun FIFA-da transfer qadağası tətbiq edilən işlərinin sayı 4-ə yüksəlib. Sözügedən işlər üzrə ödənişlərin həyata keçirilməsi ilə qadağaların aradan qaldırılması üçün klubumuz tərəfindən lazımi işlər görülür”.

Qeyd olunur ki, Karlos Mane daha əvvəl də FIFA-ya 70 min avro məbləğində alacağı ilə bağlı müraciət edib və həmin ödəniş həyata keçirilib.

Bildirilib ki, futbolçunun FIFA-ya daha bir müraciətinin də yaxın günlərdə həll olunması gözlənilir. Sözügedən müraciətin də 75 min avro məbləğində olduğu öyrənilib.

İdman.Biz