İngiltərənin “Liverpul” futbol komandası bu mövsüm Premyer Liqada yenidən çətin dövr keçirir.
İdman.Biz “VoetbalPrimeur”a istinadən xəbər verir ki, komandanın sabiq müdafiəçisi Ceymi Karrager Arne Slotun istefasından sonra vəziyyətin ciddi şəkildə dəyişmədiyini vurğulayıb. “Liverpul” çempionatda indiyədək cəmi bir qələbə qazanıb.
Karrager “Fulhem”lə 0:0 hesablı heç-heçədən sonra “Enfild”də azarkeş narazılığının yenidən artdığını bildirib. Onun sözlərinə görə, yeni baş məşqçi Andoni İraolanın gəlişi də hələlik gözlənilən effekti verməyib.
“Slot yeganə günahkar kimi göstərilməyə layiq deyildi. Zaman keçdikcə zəif nəticələrə nə qədər çox amilin təsir etdiyi görünəcək”, - deyə Karrager qeyd edib.
Sabiq futbolçu hesab edir ki, bəzi oyunçular üçün Slot əlverişli “günah keçisi”nə çevrilib:
“Slot çox sayda futbolçu üçün rahat günah keçisi oldu. İndi isə onlar üçün qaçış yoxdur. Əgər İraola üçün hər oyunda sonadək mübarizə aparmasalar, məsuliyyətdən yayına bilməyəcəklər”.
Karrager əlavə edib ki, Slot klub rəhbərliyi və azarkeşlərin bir hissəsinin onun istedadlı heyətdən maksimum nəticə ala bilmədiyi qənaətinə gəlməsindən sonra işini itirib.
